Gündəm Özəl

“Altılıq platforması” niyə gecikir? — ŞƏRH

“Altılıq platforması” niyə gecikir? — ŞƏRH

“3+3” sülh platforması ideyası 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən gündəmə gətirildi. Lakin bu platforma indiyədək reallaşmayıb. Bəs, “Altılıq platforması” niyə gecikir? “Altılıq platforması”nın gecikmə səbəbləri barədə Demokrat.az-a danışan siyasi-şərhçi Elçin Mirzəbəyli bildirib ki, yaranmış beynəlxalq şərait bu platformanın yaxın zamanlarda gerçəkləşə biləcəyi ehtimalını azaldıb. Analitik hesab edir ki, müəyyən zaman kəsiyindən sonra bu istiqamətdə müəyyən aktivliyin şahidi ola bilərik:

“Əvvəla, “3+3” platformasının gecikmə səbəbi Ukraynada baş verən hadisələrlə bağlıdır. Bilirsiniz ki, bu müharibə nəticəsində Rusiya daha çox diqqətini məhz Avropa istiqamətində cərəyan edən proseslərə yönəldib. Amma, bununla yanaşı regionun özü də Rusiya üçün xüsusən də, indiki şəraitdə həyati əhəmiyyət kəsb edir. Həyati əhəmiyyət kəsb etməsinin səbəbləri də kommunikasiya vasitələrinin yaxın bir zamanda, əsas olaraq da bu ərazidən keçməsidir. Çünki Rusiya üçün Cənubi Qafqaz və Asiya istiqaməti çox əhəmiyyətlidir. O aspektdən də bu prosesin müəyyən bir müddətdən sonra aktivləşəcəyi gözlənilir”.

Hər şeyin beynəlxalq şəraitdən və regional oyunçuların davranışlarından asılı olacağını vurğulayan ekspert əlavə edib ki, proseslə bağlı dövlətlərin də mövqeyi birmənalı deyil:

“Proseslə bağlı İran mövqeyini ifadə etsə də, konkret şəkildə yanaşmalarında müəyyən tərəddüdlərin olduğu nəzərə çarpırdı. Gürcüstana gəlincə, onun bu prosesdə iştirak edəcəyi bildiyimiz kimi, inandırıcı görünmür. Həm də nəzərə alaq ki, Gürcüstan Rusiya ilə bağlı sanksiyalara qoşulduğunu elan edib. Yəni, sanksiyalara qoşulursa, bu, onun artıq Rusiya ilə bağlı hər hansı platformada ən azı yaxın zaman kəsiyində iştirakını istisna edir. Türkiyə ilə münasibətlərə gəldikdə isə, Rusiya-Türkiyə münasibətlərində də hər şey göründüyü kimi ideal səviyyədə deyil. Türkiyə dialoq pəncərəsinin Rusiya ilə qorunub saxlanmasının tərəfdarı olsa da, amma Ukraynanın ərazi bütövlüyü məsələsində bu ölkə ilə mövqeləri üst-üstə düşmür. Bu aspektdən də yaranmış beynəlxalq şərait “Altılıq platforması”nın yaxın zamanlarda gerçəkləşə biləcəyi ehtimalını qismən də olsa azaldıb. Amma ola bilsin ki, müəyyən zaman kəsiyindən sonra biz hansısa aktivliyin şahidi olduq”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az