Ötən gün təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib ki, valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub.
Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq faəliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir”.
Təbii ki, təhsil nazirinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxu bunun məktəblərdə rüşvətə yol açacağını bildirib. Bəziləri isə iddia edir ki, direktor və müəllim heyəti "könüllü ianə" adı ilə pul yığaraq özünü sığortalayacaqlar.
Demokrat.az məsələni araşdırmaq üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayıb. Ekspert bir çox mətləblərə aydınlıq gətirib:
“Təhsil naziri bu çıxışı əslində çox yanlış şəkil aldı. Əslində, Emin müəllim doğrunu və qanunun tələbini dedi. Ümumiyyətlə,mövcud qanunlarımız deyir ki, valideyinlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır. Qeyd edim ki, məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir, amma bəzən çatmayanlar da olur. Düzdür, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Bir məqamı qeyd edim, əldə edilən mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər. Yəni, şəxsi maraq və ehtiyaclar üçün sərf oluna bilməz”.

Təhsil eksperti hesab edir ki, məktəblərə muxtariyyət verilməlidir: “Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər. Təhsil Naziri isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni, müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin”.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir: “Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər. Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da da var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil və nəğd pul almaq formasında həyata keçirilmir. Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər. Və sonda onu qeyd edim təhsil naziri demir ki, rüşvəti şəffaf yığın, deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb pul yığmamalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


