Gündəm Özəl

Rusiyanın məkrli planı: “Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası illərlə uzadıla bilər”

Rusiyanın məkrli planı: “Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası illərlə uzadıla bilər”

“Ermənistan baş naziri və Rusiya Prezidenti arasında keçirilən görüşdə hər nə qədər də sərhədlərin delimitasiyasi ilə bağlı işlərin sürətlənməsi, kommunikasiyaların açılmasının vacibliyi ilə bağlı məsələlər qeyd olunsa da, açıqlamalar zamanı səsləndirilən fikirlər Rusiyanın vasitəçilik missiyasında səmimi olmadığını ortaya qoyur”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Politoloq hesab edir ki, bunu daha aydın ifadə etmək üçün Vladimir Putinin Nikol Paşinyanla görüşdə səsləndirdiyi bəzi fikirlərə diqqət yetirmək zəruridir:

“Putin görüşdə Qarabağda hələ çox problemlərin olduğunu vurğuladı və ardınca da əlavə etdi ki, təhlükəsizlik məsələsi xüsusi önəm daşıyır. Buradan da zidiyyət ortaya çıxır. Əvvəla sual olunur ki, söhbət hansı problemlərdən gedir və Qarabağın təhlükəsizliyinin Ermənistana nə dəxli var? Əgər təhlükəsizlik məsələsi müzakirə olunursa, bu, Ermənistanla deyil, Azərbaycanla müzakirə olunmalıdır. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və bunu hələ 44 günlük müharibə dövründə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyən Putin də təsdiqləyib. İndi isə Azərbaycanın suveren ərazisinin “təhlükəsizlik məsələlərini” Ermənistanın baş naziri ilə müzakirə edir və bununla da bir müddət əvvəl separatçı rejimin başçısı Araik Arutunyanın “biz Rusiya ilə birlikdə yeni təhlükəsizlik imkanları qururuq” bəyanatını təsdiqləmiş olur. Rusiya çalışır ki, hətta Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında sonra belə erməni separatçılarının təhlükəsizliyi məsələsindən çıxış edərək ərazilərimizdəki qoşunlarını saxlaya bilsin. Başqa sözlə desək, istənilən vaxt yeni münaqişə ocağı yaratmaq imkanlarını əlində saxlasın”.

Sərhədlərin delimitasiya məsələsində komissiyanın işini sürətləndirməyin vacibliyi ilə bağlı bəyanata gəldikdə isə politoloq qeyd edib ki, bu daha çox məcburiyyətdən irəli gələn bəyanatdır:

“Belə ki, aprelin ayının sonuna qədər müvafiq komissiyanın işə başlaması ilə bağlı razılıq son Brüssel görüşündə əldə edilib və indi Ermənistanın həmin öhdəlikdən qaçması mümkün deyil. Rusiya isə bu mövqeni dəstəkləməklə sərhədlərin müəyyənləşdirilməsində də söz sahibi olmaq imkanlarını əldən vermək istəmir. Başqa sözlə, Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı işlərin məhz özünün nəzarəti ilə həyata keçirilməsini istəyir. Bu isə Rusiyaya əlində olan müxtəlif dövlərin xəritələrindən istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərə bilmək üçün imkanlar verir. Belə ki, Rusiya gah bu, gah da digər dövrün xəritələrini ortaya qoyaraq sərhədlərin delimitasiyası ilə bağlı işləri uzun illərlə uzada bilər və bununla da faktiki olaraq sülh sazişinin bağlanmasını gecikdirmək imkanı əldə edə bilər”.

“Bundan əlavə məlum olduğu kimi, Paşinyanın Moskva səfəri çərçivəsində Rusiya və Ermənistan arasında 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə də imzalanıb. Həmin bəyanatdan görünür ki, tərəflər yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Bu faktın özü də Rusiyanın münasibətlərin normallaşmasında səmimi olmadığının ən bariz sübutudur”,- deyə Y.Bağırzadə fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az