“Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilərin törətdiyi qətliamdan 29 il ötür. Düzdür, hər il ölkəmizdə baş vermiş soyqırım tədbirləri qeyd olunur. Hesab edirəm ki, bu faciələrin hamısı ayrı-ayrılıqda qeyd olunmalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü,Kəlbəcər rayonunun keçmiş icra başçısıAqil Məmmədov deyib.
Deputat qeyd edib ki, bu gün ölkəmizdə bu cür faciələrin dünya ictimaiyyətinə çatıdırılması istiqamətində lazımi addımlar atılmaqdadır: “Qeyd edim ki, Başlıbeldə törədilən faciə dünya tarixinin ən ağır faciələrdəndir. Bilirsiniz ki, rayon sakinlərinin bir qismi həmin vaxtı doğma torpaqlarını tərk etməmişdilər. Yəni, işğal zamanı doğma torpaqlarını tərk etməyən soydaşlarımız dağlarda mağaralara sığınmışdılar. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala bilmişdilər. Erməni terrorçuları mağaralarda gizlənmiş əhalinin yerini müəyyənləşdirmiş və onlara qarşı dəhşətli soyqırım törətmişdilər. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstərmişlər. Onlar 113 gün müddətinə həmin ərazilərdə qalmışdılar. 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa bilmişlər və Daşkəsənə keçmişlər. Qeyd edim ki, Başlıbel rayon mərkəzindən çox uzaq olduğuna görə, oranın əhalisi ümid etmirdilər ki, ermənilər gəlib bu cür vəhşiliklər törədə bilərlər”.
Deputat qeyd edib ki, bu vəhşiliklər daha geniş, mütəşşəkkil formada təbliğ olunmalıdır: “Dünya ictimaiyyəti Ermənistanın 1993-cü ildə azərbaycanlılara qarşı hansı vəhşilikləri törətdiyinə şahid olmalıdırlar. Bu gün Başlıbel faciəsi haqqında kitablar yazılır. Məqsəd isə bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdır. Bu gün biz bununla bağlı bir sıra tədbirlər keçirdirik. Bizim üçün nə qədər ağır, çətin olsa da, biz bu tədbirləri keçirməliyik, tariximizi unutmamalıyıq. Bu gün hər birimiz bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Başlıbel soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayırıq. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, eləcə də Başlıbel qurbanlarının da qisasını aldı. Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq və tezliklə bu yerlərə həyat qayıdacaqdır”.
Millət vəkili əlavə edib ki, xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq: “Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən şanlı səhifələridir, qan yaddaşımızdır. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Məhz belə oğuların sayəsində bu gün doğma torpaqlarımızı ziyarət edə bilirik. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir. Bir daha Soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Aynurə Pənahqızı Demokrat.az


