Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında “Şuşa ili”nə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, Prezident cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etmişdir. 2022-ci il yanvarın 5-də Müzəffər Ali Baş Komandanımız bununla bağlı Sərəncam imzalayıb. Bu, Prezident cənab İlham Əliyevin atdığı tarixi bir addım və düşmənə zərbə mesajıdır. Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır.Prezident cənab İlham Əliyevin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərə mütəmadi səfər etməsi həmin yurd yerlərinin tarixinə qızıl hərflərlə yazılır. Daha sonra isə komandalara uğurlar arzuladı.
Püşkatmadan sonra iştirakçılara “Xəmsə” Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi. Maraqlı mübarizə şəraitində keçən birinciliyin yekun nəticəsində III yeri şəhər 1 saylı məktəb-liseyin “Uğur” komandası , II yeri şəhər 9 saylı tam orta məktəbin “Kür” komandası , I yeri isə şəhər 2 saylı tam orta məktəbin “Muğan” komandası qazandı. Qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.









Məlik Demokrat.az


