İşğaldan azad edilən torpaqlarda bərpa və quruculuq işləri sürətlə davam edir. Genişmiqyaslı tikinti işləri ilə yanaşı turizm, təhlükəsizlik və infrastruktur layihələri həyata keçirilir. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Bu barədə millət vəkili Vüqar Bayramov Demokrat.az-a məlumat verib:
“2021-ci və 2022-ci illərdə dövlət büdcəsindən Qarabağın və eləcə də şərqi zəngəzurun bərpa və yenidənqurulmaıs üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılıb və 2021-ci ildə 2,2 milyard manat vəsait bu istiqamətə yönəldildi. Eyni məbləğdə vəsait 2022-ci ildə dövlət büdcəsini bu istiqamətə yönəldiləcək. Təbii ki, əsas məqsəd də məhz Qarabağın, eləcə də Şərqi Zəngəzurun daha qısa zamanda bərpa edilməsi və məcburi köçünlərimizin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edilməsindən ibarətdir.”

Millət vəkili yaxın müddətdə Zəngilan hava limanının da istifadəyə veriləcəyini bildirib. Ağıllı kənd layihəsi istiqamətində Zəngilan rayonunun Ağalı kəndində görülən işlər demək olar ki, yekunlaşıb. Və Füzuli rayonu dövlətyarlı kəndində bu istiqamətə yenidənqurma işlərinə başlanılacaq. Bununla paralel Cəbrayıl və Ağdamda sənaye parklarının inşası davam etdirilir.

“Artıq müraciətlər var və iş adamları Ağdamda Sənaye Parkında həm istehsal, həm təbii ki, satış və xidmət imkanlarına malik olacaqlar. O baxımdan, proses çox intensiv şəkildə həyata keçirilir. Məqsəd də ondan ibarətdir ki, proqnozlaşdırılandan və ya gözləniləndən daha qısa zamanda məskunlaşma prosesinə başlamaq və başa çatdırmaq mümkün olsun.”
Quruculuq layihələrinin uğurlu icrası Qarabağda iqtisadiyyatın dirçəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Gülçin Qorxmaz Demokrat.az


