Gündəm Özəl

Deputat: “Ağalı kəndində həyatın başlaması hamımız üçün unudulmaz tarix olacaq”

Deputat: “Ağalı kəndində həyatın başlaması hamımız üçün unudulmaz tarix olacaq”

“Azərbaycan Respublikasının Prezidenti bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə iftixar hissi ilə Ağalı kəndində çox böyük işlərin görüldüyünü vurğuladı. Cənab Prezident həmçinin qeyd etdi ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər”. Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat bunun hər bir azərbaycanlı da fərəh hissi doğurduğunu qeyd etdi:

“Çünki bu günü 30 il səbirsizliklə gözləmişik. Biz qaçqın və köçkünlərimizin öz ata-baba yurdlarına qayıtması arzusunda olmuşuq. Bu gün Cənab Prezidentimizin düşünülmüş siyasəti nəticəsində həmin kəndlər işğaldan azad olunub və həmin ərazilərdə çox böyük quruculuq işləri həyata keçirilir. Məlumdur ki, ilk “Ağıllı kənd” layihəsi də Ağalı kəndində həyata keçirilib. Bu pilot layihənin digər rayonlara da tətbiq olunması diqqət mərkəzindədir. Yəni, tədricən nəinki kəndlərimiz, eləcə də şəhərlərimiz bərpa ediləcək”.

T.Rzayev onu da bildirdi ki, Ağalı kəndinə sakinlərin köçürülməsi və həmin kənddə həyatın başlaması hamımız üçün unudulmaz tarix olacaq: “ Biz sakinlərimizin öz-ata baba yurdlarına qayıtmasının illərlə şahidinə çevriləcəyik. Bu, fərəhlidir”.

Deputat bütün bunların Cənab İlham Əliyevin həyata keçirdiyi çox böyük və düşünülmüş tədbirlərin nəticəsi olduğunu vurğuladı: “Cənab Prezident nəinki Ağalıda, eləcə də işğaldan azad olunmuş digər ərazilərimizdə tikinti-quruculuq və abadlıq işlərini yüksək səviyyədə həyata keçirir. Həmin ərazilərdə çəkilən dəmir yollarının, avtomobil yollarının, quraşdırılan elektrik stansiyalarının, körpülərin aydın görüntüləri gələcəkdə həmin regionların ən yaxşı yaşayış məntəqələrinə çevriləcəyini göstərir. Və hər birimizdə böyük inam yaradır ki, həmin ərazilər həqiqətən də, dövlətimizin rəhbərinin dediyi kimi, tez bir zamanda cənnətə çevriləcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az