“Avropa Birliyi rəsmiləri Azərbaycanda Ukraynanın Buça şəhərindəkindən də betər qətliamların olduğundan yaxşı xəbərdardılar. Ondan da yaxşı xəbərdardırlar ki, Ukraynadan öncə iki “İsgəndər-M” raketi məhz Azərbaycana atılmışdı. Amma təəssüf ki, biz Qərbdə Ermənistan rəhbərliyinin eyni prinsipiallıqla pislənildiyini, törədilən hərbi cinayətə görə o ölkəyə qarşı hər hansı sanksiya tətbiqini görmədik, görmürük. Halbuki terrorun, təcavüzün, qətliamın, hərbi cinayətin yaxşısı və pisi olmur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat qeyd edib ki, Qərb dövlətləri heç olmasa indi, qulaqlarının dibində gedən savaşdan sonra həm özü təcavüzkar olan, həm də təcavüzkarlıq aləti kimi çıxış edən Ermənistana tərs üzlərini göstərməli idilər:
“Onlar Azərbaycanın irəli sürdüyü sülh təklifinin haylar üçün əslində böyük lütf olduğunu vurğulamalı, onları əsassız revanşizmə yox, bizimlə normal qonşuluğa, əməkdaşlığa həvəsləndirməlidirlər. Avropa Birliyinin timsalında güc mərkəzlərindən birinin bu cür prinsipial mövqe ortaya qoyması heç şübhəsiz ki, Brüssel danışıqlarının nəticəsinə müsbət təsir göstərərdi. Rusiya Qafqazda mövqelərini qoruyub saxlamaq istəyirsə, ona burada hər an arxadan xəncər saplamağa hazır olan vassal yox, özünə və sözünə hörmət qoyan müttəfiq lazımdır. Hədələməklə müttəfiq qazanmaq olmaz, 30 ilin təcrübəsi göstərir ki, bu yolla Azərbaycanı vassala çevirmək isə vassallarının “Böyük Ermənistan” xülyası kimi qəti baş tutan deyil”.
Nəzrin Hüseynli Demokrat.az


