Türkiyə kəşfiyyatı ötən gün Ermənistanla bağlı ciddi bir məlumat paylaşıb. Belə ki, Ermənistanın martın 25-də 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsinə dair məlumatlar yayıldı. Məlumata görə, martın 25-də həmin qırıcılar Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya yola düşüb.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsinin Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya verərək, Ukraynada gedən işğalçı müharibənin tərəfinə çevirir.
Analitik qeyd edib ki, bu, həm də Ermənistanın bir daha işğalçılıq siyasətinin təkcə Cənubi Qafqazla kifayətlənmədiyini göstərir:
“Ermənistanın bu addımı başda ABŞ olmaqla, Avropa ölkələrinin də diqqətində olmalıdır. Məsələ ondadır ki, Ermənistanın bu addımı onu da sanksiyaların hədəfinə çevirməli, Ermənistanın Qərbdəki fəaliyyətlərinin qarşısı alınmalıdır. Ermənistan təhlükəli oyunlara girib. Rusiyanın Su-30-ları Ermənistana verilsə də, raketlərinin vermədiyi deyilir. Lakin bu, heç nəyi dəyişmir. Rəsmi İrəvan bu addım ilə faktiki olaraq müharibənin tərəfi olduğunu bu və ya başqa formada Rusiyaya Ukrayna ilə müharibədə dəstək verdiyini sübut edir. O ki qaldı Türkiyə kəşfiyyatının bu planları ifşa etməsinə ekspert hesab edir ki, bu da səbəbsiz deyil:
“Məsələ ondadır ki, son günlər işğaldan azad edilən müvəqqəti Rusiya sülhməramlıları nəzarətində olan Azərbaycan ərazilərində yaşanan hadisələr və Qərbin sərgilədiyi qeyri-adekvat mövqeyi Ankaranı hərəkətə keçirib. Xüsusilə Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi və ermənilərin məsələni manipulyasiya edərək süni ajiotaj yaratması, Qərbin Azərbaycan əleyhinə bəyanatlar verməsi ilə nəticələnib. Rəsmi Bakı beynəlxalq hüquqa görə hərəkət etsə də, təəssüf ki, Avropa məsələyə yenə erməni prizmasından baxaraq yanlış şərh edir. Hesab edirəm ki, Türkiyənin Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya verməsinə dair kəşfiyyat materiallarını üzə çıxarması Bakıya qarşı artan təzyiqləri azaldacaq. Çünki Bakı öz ərazilərində beynəlxalq hüquqa görə hərəkət etdiyi halda Ermənistanın bu addımı faktiki olaraq beynəlxalq hüquqa ziddir və işğalçı müharibəni dəstəkləməkdir”.
Aynurə Pənahqızı Demokrat.az


