“Rusiya ilə Azərbaycan arasında münasibətlər son illər yaxşılaşmağa doğru gedir. Bizim hətta bir sıra strateji əməkdaşlıq planlarımız var. Ancaq çox təəssüflər olsun ki, müəyyən siyasi dairələr, istərsə də Rusiyanın hakim dairələrində olanlar Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışırlar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, onlar erməni separatçılarının törətdikləri müəyyən terrorçuluq fəaliyyətlərinə haqq qazandırmağa, bizim saytları bloklamağa səy göstərirlər:
“Sözsüz ki, bu da iki ölkə arasnda münasibətlərin korlanmasına səbəb ola bilər. Əgər doğurdan da, bu gün Rusiya Azərbaycan saytlarını bloklayırsa, əlbəttə ki, biz də qarşılıqlı tədbirlər görməliyik. Çünki münasibətlər normal olmalıdır, ölkələrin suverenliyinə, müstəqilliyinə xidmət etməlidir”.
Millət vəkili əlavə edib ki, əgər bu gün hər hansı bir dövlət Azərbaycanın müstəqilliyinə, onun suverenliyinə, ərazi bütövlüyünə kölgə salan fikir yürüdürsə, ya buna cəhd göstərirsə, Azərbaycan dövləti də öz sözünü deməlidir:
“Hesab edirəm ki, Azərbaycan xalqı da bu məsələdə öz münasibətini bildirməlidir. Mən heç də münasibətlərin korlanması tərəfdarı deyiləm. Çünki hər birimiz yaxşı bilirik ki, Rusiya ilə Azərbaycanı tarixi köklər, müəyyən mövqelər, qarşılıqlı əməkdaşlıq birləşdirir. Bunun gündən-günə genişləndirilməsinin tərəfadarıyam və bunu hər bir azərbaycanlı istəyir. Çünki biz dünyada baş verən hadisələrin şahidiyik. Münasibətlərin yaxşılaşdırılması dövlətlər, xalqlar üçün çox vacibdir. Ancaq Rusiyada fəaliyyət göstərən və anti-Azərbaycan təbliğatı yürüdən bəzi millətçi dairələr bu münasibətləri korlamağa cəhd göstərirlər. Saytlarımızın bloklanması da bu məqsədə xidmətə edir. Ona görə də, biz adekvat tədbirlər görməyə məcburuq. Bununla əlaqədar müvafiq orqanlar Rusiya dövlətinə öz etirazlarını bildirməli, müraciət etməlidirlər”.
Aynurə Pənahqızı Demokrat.az


