"Rusiyanın atdığı bu addım rusiyalıları informasiyadan məhrum etmək məqsədi güdür. Məncə, buna cavab verməyə ehtiyac yoxdur".
Azərbaycanın bir neçə media qurumuna Rusiya tərəfindən blok qoyulması ilə bağlı deputat Fazil Mustafa fikirlərini Demokrat.az-la bölüşüb:
“Rusiyanın atdığı bu addım rusiyalıları informasiyadan məhrum etmək məqsədi güdür. Məncə, buna cavab verməyə ehtiyac yoxdu. Bizim insanlar müxtəlif ölkələrdən informasiya alırlar- Türkiyədən, Avropadan, Amerikada. Ona görə də hansısa informasiyanı məhdudlaşdırmaq ciddi addım sayılmır. Çünki sən məhdudlaşdıracaqsansa, həmin informasiyanı başqa mənbələrdən alanda, sənin informasiyan etibarlılığını itirəcək. Məsələn, Sovet vaxtı “Azadlıq” radiosunu məhdudlaşdırırdılar, insanlar da informasiyanı elə ordan almağa can atırdılar. Ona görə kütləni idarə etmək üçün bu addım qısa müddətə effekt verə bilir. Amma bütövlükdə sona qədər özünün informasiya məkanında etibarsızlaşmasına gətirib çıxarır. Bu baxımdan, bu, ağıllı yol deyil. Və Azərbaycanın da bu addıma qarşılıq olaraq, informasiya məhdudlaşdırması, məncə, doğru deyil. Biz onsuzda Rusiya kanallarından aldığımız informasiyanı başqa yollarla da ala bilirik. Cəmiyyətimiz də elə düşüncədədir ki, bunu ayırd edə bilir. Qarşılıqlı addım atmağı mənasız hesab edirəm. Zənnimcə, biz informasiya azadlığı prinsipini qorumağa davam etməliyik. Bunu insanların öz öhdələrinə buraxmalıyıq. İnsanlarımız, onları yanlış istiqamətləndirmək üçün Rusiya tərəfindən yayılan xəbərlərə inanacaq qədər düşüncəsiz deyillər. Təbii ki, bizim xəbər saytlarının bloklanmasına etirazımızı bildirməliyik, lakin eyni addımla cavab verməməliyik. Yerli saytlarımızın bloklanmasına səbəb, məhz Rusiyanın narahatlığına səbəb olacaq obyektiv informasiya yayımlamalarıdır.”
Gülçin Qorxmaz Demokrat.az


