Madam ki, rusların “Fərrux”-a “Furux” deməsi bizim Müdafiə Nazirliyinin də xətrinə dəyib, onda bunu da qeyd edək bəlkə kiməsə lazım olar...
İrəvan əyalətinin Dərəçiçək mahalında azərbaycanlıların yaşadığı böyük bir Fərrux kəndi olub (indi də var-fotodakı kənd).

Türkmənçay müqaviləsindən (1828) sonra Rusiya imperiyasının təşəbbüsü ilə Türkiyənin Batman vilayətinin Sason bölgəsindən ermənilər Fərrux kəndinə köçürülür. Köçürülmə 1906-cı ilə kimi davam edir. Fərrux kəndinin azərbaycanlı əhalisi 1905-1906-cı il qarşıdurmasından sonra kəndi tərk etmək məcburiyyətində qalıb indi rusların “Furux” dediyi kəndə (Xocalı rayonu) köçüblər.
İndi Ermənistanda rəsmi sənədlərdə kəndin adı “Kakavadzor” adlanır. Amma yerli erməni camaatı bu kəndə hələ də “Fərrux” sözünün erməni dilindəki səslənişilə “Parrux” deyirlər.
Elə Qarabağdakı “Fərrux” kəndinə də ermənilər “Parrux” (“Փառուխ”) deyirlər. Həm azərbaycan, həm də erməni dilində “Fərrux” və “Parrux” sözləri (fars mənşəli) eyni mənaya gəlir - şöhrətli, müdrük, xoşbəxt və s.
Bir dəfə yazmışdım, yenə qeyd edirəm. Səslənişi fərqli olsa da həm azərbaycan, həm də erməni dilində yüzlərlə, minlərlə söz var ki, eyni mənaya gəlir. Aradakı fərq təxminən “dialekt fərqi” kimi bir şeydi. Məsələn, “fındıq”a “pnduq” (“պնդուկ “) demələri kimi...
Allahverdi Aydın Demokrat.az


