Rusiya Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrini üçtərəfli bəyanatın müddəalarını pozmaqda ittiham edib və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər gördüyünü bildirib. Ardınca Rusiya XİN də oxşar bəyanatla çıxış edib. Bu bəyanatlarda ən böyük həyasızlıq Rusiyanın Qarabağda olan qoşununun "sülhməramlı" olduğunu vurğulamasıdır. Birincisi, onları Qarabağa heç kim "sülhməramlı" kimi dəvət etməmişdi, özləri həyasızcasına, zorakılıqla ora soxulmuşdular. İkincisi, bütün dünyanın rus silahlı qüvvələrinin Ukraynadakı vəhşiliyini, milyonlarla insanları vətənlərindən didərgin saldıqlarını, on minlərlə dinc sakinləri, o cümlədən uşaqları, qocaları qətlə yetirdiklərini gördüyü günlərdə özünü sülhməramlı adlandırması da həyasızlıqdır.
Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O daha sonra əlavə edib:
"Bundan başqa, 10 noyabr 2020-ci il üçtərəfli müqavilənin 2-ci bəndinə əsasən Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər, yəni 7 kəndi 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılmalı idi. Yenə həmin bəyanatın 4-cü bəndinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Yəni, Rusiya sülhməramlıları Qarabağda hansısa silahlı qüvvələrin olmasına yol verməməlidir. Bəyanatın imzalanmasından 16 ay keçməsinə baxmayaraq Qazaxın 7 kəndi hələ də qaytarılmayıb, Qarabağdakı erməni silahlı birləşməsi "rus sülhməramlıları"nın gözü qarşısında gəzirlər və bu azmış kimi hələ ruslar onlara təlimlər də keçirir. Bu müddət ərzində Rusiya Qarabağda tikinti işləri aparır, xeyriyyəçiliklə məşğul olur, özləri üçün kilsə tikir, muzeylər salır və s. və i. 16 aydan artıqdır ki, rus sülhməramlıları öz vəzifələrindən başqa nə desən edirlər. Azərbaycan tərəfinin isə dünya tərəfindən tanınmış öz ərazilərində qayda qanunu təmin etməsi öz haqqı və vəzifəsidir.
Ukraynada müharibə başlayan günlərdən etdiyim xəbərdarlığı bir daha diqqətə çatdırıram. Küncə sıxılmış Rusiya hakimiyyəti bu dəqiqə bütün dünyanı, ilk növbədə öz qonşularını qan çanağına döndərməyə hazırdır. Ona görə də biz, ilk növbədə sosial şəbəkə iştirakçıları Rusiyadan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyə və səlahiyyətlərini aşmamağa çağırmalıyıq. Ölkədə stabilliyin pozulmasına, əhali arasında narazılıq yarada biləcək hər addımdan qaçmalıyıq".
Nəzrin Demokrat.az


