Media

“Camaata yumor lazımdır”— MÜSAHİBƏ

“Camaata yumor lazımdır”— MÜSAHİBƏ

Son zamanlar xəbər studiyasında, ciddi geyimdə etdiyi zarafatlarla sosial şəbəkələrdə marağa səbəb olan, qısa zamanda “pozitiv xəbər aparıcısı” kimi tanınan Elçin İmanov Demokrat.az –a müsahibə verib.

İllərdir, televiziya sahəsində çalışırsız. Bir çox verilişlərdə aparıcı olmusunuz. Amma birdən-birə tanındınız. Sizcə, bu, necə baş verdi?

-2011-ci ildən aparıcı kimi fəaliyyət göstərirəm. 11 ildir artıq bir neçə televiziya kanallarında çalışmışam. Amma qəribədir ki, sonuncu çalışdığım televiziyada tanındım. Əslində, bir tərəfdən, insana xoş olmur ki, illərlə efirdə əyləncəli, maraqlı, informativ verilişlər hazırlayasan, hər gün tamaşaçı qarşısına məlumatlarla çıxasan, amma, belə deyək, tamaşaçı üçün heç də faydalı, gərəkli olmayan bir mövzu, video ilə məşhur olasan. Bütün hallarda, tanınmaq, məşhur olmaq xoşdur.

-Xəbər aparıcısı kürsüsündə, ciddi geyimdə etdiyiniz zarafatla minlərlə insanın ürəyinə girməyi bacardınız. Sizcə, məşhur olmaq belə asandır?

-Bəli, məşhur olmaq asandır. Amma baxır necə məşhur. Biri var sevgi qazanaraq məşhur olmaq, biri də var,sadəcə tanınmaq, pis və ya yaxşı təəssüratla.. İndi elə dövrdür ki, sosial şəbəkə vasitəsilə də heç bir peşəsi olmayan ,həyatda heç bir təhsili, savadı, ciddi uğuru olmayan insan, sadəcə, kütlə tərəfindən tanına bilər. Bu baxımdan, məşhur olmaq bir az həssas mövzudur. Gərək yaxşı tanınasan, yaxşı yadda qalasan. Məncə, insanlar tərəfindən yaxşı qəbul olunmaq üçün gərək, özün olasan. İnsanlar səndən səmimiyyət görməlidir ki, səni sevsinlər.

-İllərlə müxtəlif formatlı verilişlərlə tamaşaçıların qarşısında olmusunuz. Təhsiliniz, dünyagörüşünüz..-bütün bunlar məşhurluğa səbəb ola bilmədi. Sizcə, tamaşaçı niyə yumora belə həvəslidi?

-Bəli, tamaşaçı kimi mənə informasiya ilə bol olan verilişlər daha maraqlıdır. Amma bu heç də qəribə deyil- insanlar yumoru sevir. Nəzərə alsaq ki, dünyada kifayət qədər neqativ hadisələr baş verir, onda insanların yumora niyə belə maraq göstərməsinin səbəbi aydın olar.

-Çinarə xanımla videolarınız qısa zamanda minlərlə insanın marağına səbəb oldu. Hesab etmək olar ki, siz artıq məşhurluğun sirrini bilirsiz?

-Çinarə xanımla illərdir ki, dostluğumuz var. Sadəcə mənim videom sosial şəbəkədə maraq doğurduqdan sonra, Çinarə xanımdan təklif gəldi mənə. Görüşdük, dedi ki, insanlar yazır mənə, maraq göstərirlər. Bəlkə birlikdə videolar çəkək? Elə ilk görüşdə bir-iki video çəkib paylaşdıq, gördük ki, reaksiya çox yaxşıdır. Videolarmız var ki, 200 min insan izləyib. Rəylərdə də görürük ki, insanlarda maraq var, sevgi var.

-Münasibətiniz illərdir davam edən dostluğunuza dayanır. Bunu ətrafınızdakı insanlar bilir. Bəs izləyicilər arasında sizi sevgili zənn edən olur?

-Bəli, bizi tanıyanlar dost olduğumuzu bilirlər. Amma kənardan sevgili zənn edənlər də olur. Hətta deyirlər gecənin bu saatında niyə canlı yayım açmısınız, rayona niyə birlikdə getdiniz. Bizim insanlarda var axı, bir qızla oğlanı görən kimi “xoşbəxt olun, yaraşırsınız” deyərək, tez-bazar cütləşdirmək. Sevgili filan deyilik, 10 ildən çoxdur dostuq. Hətta vaxtilə bir klipə də bərabər çəkilmişdik. Bir verilişi aparmışıq.

-Ailəlisiniz, iki övladınız var. Məşhurluq ailədə qısqanclığa səbəb olmur ki?

-Çinarə xanımla bağlı yox, amma ümumilikdə qısqanclıq olur. Bu da, məncə, normaldır. Mən elə evlənəndən qısqanclıq var bizim ailədə, bir təhər yoluna qoymağa çalışıram (gülərək).

-Kütlənin marağını cəlb etdikdən sonra iş təkliflərinin çoxalmasına səbəb oldu?

-Təvazökarlıqdan uzaq olmasın, amma maska taxdığım halda belə yaxınlaşıb şəkil çəkdirənlər olur. 10 ildən artıqdır televiziyada çalışıram, amma insanlardan belə reaksiyanı məlum videolardan sonra hiss etdim. Bu, təbii ki, xoşdur. Əlbəttə, təkliflər olur. Elə öz instagram səhifəmə yazaraq reklam təklif edənlər kifayət qədərdir. Bir neçə televiziya kanalından aparıcılıqla bağlı iş təklifi gəlib. Düzü, hələ düşünmürəm bu barədə. Seriallardan təklif var. Hazırda bir serialda çəkilirəm. Başqa iki layihə üzərində də çalışırıq. Yaxın günlərdə təqdim olunacaq.

-Tanınmağın (məşhurluğun) mənfi tərəfləri...

-Bəli, mənfi tərəfləri də var.. O baxımdan ki, rahatlığında keçməli olursan bir az. Məsələn, çöldə, istirahət məkanında, restoranda hiss edirsən ki, üzərində nəzərlər var və sən çalışırsan hər hərəkətinə fikir verəsən ki, heç bir şey yanlış anlaşılmasın. İnsanların sevgisi insanın çiyinlərinə məsuliyyət qoyur, sanki. Bu baxımdan məşhur olmaq çətindir həm də.

“Camaata yumor lazımdır”— MÜSAHİBƏ

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az