Gündəm Özəl

Baharda doğulan təkrarsız bioloq-alim — YAZI

Baharda doğulan təkrarsız bioloq-alim — YAZI

XX əsri Azərbaycan elminin intibah dövrü adlandırmaq olar. Əsrin əvvəllərində təhsil alanların, ziyalıların sayı məhdud olsa da, keyfiyyət çox yüksək idi. Düzgün istiqamətdə, həm də qəlbinə yaxın ixtisas üzrə təhsil almaq insan həyatının sütununu təşkil edir. Azərbaycanın belə ziyalılarından biri də akademik, 1961-1962-ci illərdə Kənd Təsərrüfatı naziri işləmiş Ələkbər Məmməd oğlu Quliyev olub.

Böyük alim, əvəzsiz florist akademik A.A.Qrossheymin rəhbərliyi ilə elmi-tədqiqat işləri yerinə yetirmiş Ələkbər Quliyev Tiflis şəhərində anadan olmuşdur. Tiflis şəhərinin o zamankı ədəbi-bədii, mədəni, elmi mühitinin yetişdirdiyi insanların Azərbaycan mədəniyyət, incəsənət və elmindəki xidmətləri hamımıza məlumdur. O möhtəşəm mühitin yetirmələrindən olan Ələkbər müəllimin ailəsində 3 oğlan uşağı böyüyürdü. Bakı kimi beynəlmiləl şəhərin mərkəzi küçəsində, alimlərin binasında, həm də akademik və nazir ailəsində böyüyən hər 3 övlad vətənimizin tarixində silinməz iz qoydu. Öz varlığı, dəyərli ailəsi, böyüdüyü mühit və fəaliyyəti ilə tarix yazan övladlardan biri də mərhum Akif Ələkbər oğlu Quliyevdir. Akif müəllim BDU-nun Biologiya fakültəsinin ən uğurlu məzunlarından biridir. Məzun olduqdan sonra 1966-cı ildə Akif Quliyev Avropanın aparıcı universiteti olan Karlov Universitetində elmi-tədqiqat işini yerinə yetirmiş və namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 26 yaşında o, artıq Biologiya fakültəsinin dekanı vəzifəsində çalışırdı. Bu zaman o, həm də Bitki fiziologiyası kafedrasında assistent, baş müəllim və dosent kimi fəaliyyət göstərirdi. Bu müddət ərzində Akif Quliyev çalışdığı kafedrada biokimya yönümlü problem laboratoriyası yaratmış və bu laboratoriyada bir qrup gənc mütəxəssisin məhsuldar fəaliyyətini təşkil etmişdir. Həmin mütəxəssislər sonralar alimin elmi-pedaqoji fəaliyyətinin məhsuldar və məntiqli nəticəsi kimi 1972-ci ildə yaratdığı Biokimya kafedrasının özəyini təşkil etmişlər. Biokimya kafedrasının müdiri seçildikdə Akif müəllimin 30 yaşı olmuşdur. O, respublikanın ən cavan kafedra müdiri idi.

Baharda doğulan təkrarsız bioloq-alim — YAZI
Yüksək təşkilatçılıq qabiliyyəti olan Akif Quliyev 1969-1970-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BDU rəhbərliyi tərəfindən universitetdə Tələbə Qəbulu Komissiyasının məsul katibi vəzifəsinə təyin edilmişdir. Biokimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən Akif Quliyev kafedranın istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji kadrların yüksək ixtisaslara yiyələnmələri istiqamətində əvəzsiz işlər görmüşdür. O, həmçinin xarici ölkələrin ali təhsil ocaqları, elmi-tədqiqat institutları ilə əməkdaşlığa da həmişə böyük önəm vermişdir. Belə ki, professor Akif Quliyevin şəxsi təşəbbüsü ilə Rusiya Federasiyasının aparıcı elmi mərkəzləri ilə, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu ilə, Moskva Dövlət Universitetinin, Çexiya Respublikasının Karlova Universiteti ilə Biologiya fakültəsinin elmi əlaqələri qurulmuş, sadalanan elm və təhsil mərkəzlərinə gənc əməkdaşlar ezam olunaraq, tədqiqatçı alim və bacarıqlı pedaqoq kimi formalaşmışlar.
Baharda doğulan təkrarsız bioloq-alim — YAZI
Akif Quliyev 1988-ci ildə Biologiya fakültəsinin dekanı seçilmiş və bu zaman fakültədə dərin islahatlar həyata keçirmişdir. 1990-1992-ci illərdə böyük alim BDU-nun I prorektoru kimi çalışmış, daha sonra 8 ay universitet rektorunun vəzifəsini icra etmişdir. 2010-cu ildə fakültədə olan çatışmazlıqlar, tədrisin keyfiyyətinin aşağı düşməsi, fakültənin imicinin bir qədər zəifləməsi səbəbindən kollektivin səsverməsi ilə Akif müəllim yenidən Biologiya fakültəsinin dekanı seçilmiş, böyük ustalıqla, yüksək təşkilatçılıq qabiliyyəti ilə 10 il bu vəzifəni ləyaqətlə icra etmişdir. Akif müəllimin koordinatorluğu ilə fakültədə TEMPUS xətti ilə Londonun Vestminster Universiteti ilə birlikdə İmmunologiya üzrə, “Ekologiya üzrə magistrantların hazırlanması”, “Cənubi Qafqazda tibbi molekulyar biologiya sahəsində distant və elektron təhsilin inkişaf etdirilməsi” adlı qrant layihələr həyata keçirilmişdir. O, 2011-ci ildə BMT-nin Beynəlxalq Mükafat Komitəsinin elm və təhsil sahəsindəki böyük xidmətlərinə görə “Şöhrət və Vicdan” Avropa Ordeninə layiq görülmüşdür. Böyük alim, professor Akif Quliyev həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Baharda doğulan təkrarsız bioloq-alim — YAZI
Azərbaycan elm və təhsil ictimaiyyəti mühitində xüsusi çəkisi olan, BDU-nun Biologiya fakültəsinin tarixində silinməz iz qoyan Əməkdar Elm Xadimi Akif Ələkbər oğlu Quliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Həsən Demokrat.az

D
demokrat.az