“Azərbaycan bir çox məhsulların, o cümlədən də bitki yağının idxalından asılıdır”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Nazim Baydəmirli deyib. Ekspert Rusiyadan idxalımızın ümumilikdə 14 faizinin qarşılandığını vurğulayıb:
“Yəni, təkcə bitki yağı yox, ümumiyyətlə, idxal strukturunda Rusiya Federasiyası 14 faiz təşkil edir. Eyni zamanda, dünya bazarına ən çox bitki yağı satan Ukraynadır. Ukrayna dövləti ən böyük eksportyorlardan biridir. İndi Rusiya Federasiyası müstəqil bir dövlətə, suveren bir dövlətə işğal siyasəti, soyqırım həyata keçirir. Bu da bir çox ölkələrdə, hətta Türkiyə bazarında belə ciddi bitki yağı qıtlığı yaradıb və yaradır da. İndi biz ölkə olaraq çalışmalıyıq ki, iqtisadi əlaqələrimiz differsiyalaşdırılsın. Müxtəlif ölkələrdən, əsas olaraq da Braziliyadan, Argenitadan bitki yağını idxal edək. Bununla da biz özümüzü sığortalamış olarıq”.

Azərbaycanda məmur sahibkarlığının, inhisarçılığın yüksək həddə olduğunu vurğulayan iqtisadçı əlavə edib ki, müxtəlif sahibkarlara alternativ bazarlardan mal tapmaq, yaxud da alternativ bazarlara mal satmaq kimi bir tələblərini hökumət qarşılamır: “Əgər elə olmuş olsaydı biz ixracımızı differensiyalaşdırmış olardıq. Çünki daha stabil bazar 600 milyondan yuxarı istehlakçısı olan Avropa Birliyi bazarıdır. Lakin biz bu bazarla ticarət sazişinə qoşulmuruq. Nə var ki, Rusiyanın bundan xoşu gəlməz, Rusiya ilə problem yaşayırıq. Belə olan halda Rusiya özündən asılı olan ölkələri ticarət müharibələri ilə “təzyiq” edir. Necə ki, bizim pomidor, alma və digər məhsullara zərərverici var deyə, ölkəsinə buraxmırdı. İndi keçən ildən bizə taxılla bağlı “soyqırım” həyata keçirir. Bu ölkənin fikri-zikri ancaq belə problemlər yaşatmaqdır. Qonşuları özündən asılı vəziyyətə salmaqdır. Hesab edirəm ki, digər məhsullar kimi, bitki yağının da qiymətində bahalaşma olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


