Özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən 1985-ci il təvəllüdlü Xədicə tanışı Gülnara qarşı dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xədicə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz mülkiyyətinə keçirmək qərarına gəlib. O, bu məqsədlə tanışı Gülnara özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib, onu 10000 manat müqabilində iki ay müddətinə Yasamal rayonu, 20 nömrəli məktəb-liseyə ingilis dili müəlliməsi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib.
Xədicə 21 dekabr 2017-ci ildə 40 saylı notariat kontorunun inzibati binasında formal olaraq Gülnar ilə aralarında 10000 manata dair bir il müddətinə faizsiz kredit müqaviləsi bağlayıb, həmin nağd pul vəsaitini həmin notariat kontorunun inzibati binasında alıb.
İstintaq orqanı tərəfindən Xədicənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xədicə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Gülnar ilə 2017-ci ilin dekabrında ümumi bir tanışlarının vasitəsilə tanış olub: “Həmin vaxtdan Gülnarla aramızda yaxın münasibətlər yarandı. Pula ehtiyacım olduğundan Gülnardan faizə pul istədim. Aramızda olan danışığa əsasən Gülnarın mənə verəcəyi 10000 manata görə hər ay ona 1000 manat verəcəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 21 dekabr 2017-ci ildə Xətai rayon ərazisində 40 saylı notariat ofisində Gülnar ilə arasında kredit müqaviləsi bağlayıb və sonuncu ona 10000 manat verib: “Müqavilənin müddəti bir il olub. Bir müddət sonra Gülnara borcu ödəyə bilmədim. Həmin vaxtdan xeyli müddət keçəndən sonra Gülnar polisə şikayət etdi. Yalnız şikayətində guya ondan 10000 manatı işə düzəltmək adı ilə aldığımı göstərib. Bu tamamilə yalan və böhtandır”.
Xədicə qeyd edib ki, 2018-ci ildə barəsində gedən cinayət işi Xətai rayon Polis İdarəsinin sabiq müstəntiqi Şahsuvar Əliyevin icraatında olub: “Həmin vaxt zərərçəkmiş səxslərə müstəntiq Şahsuvar vasitəsi ilə ödənişlər etdim. Bir müddət sonra Şahsuvar mənə Gülnardan borc aldığım 10000 manatı qaytarmaq lazım olduğunu və həmin pulu qaytarmağı bildirdi. Buna etiraz etmədim. Təxminən iki ay müddətində hissə-hissə olmaqla Şahsuvara ümümilikdə 7000 manat verdim ki, həmin pulu Gülnara qaytarsın. Lakin sonradan məlum oldu ki, müstəntiq Şahsuvar məni aldadıb və həmin pulu Gülnara qaytarmayıb. Bu səbəbdən bu gün də Gülnara borcumun olduğunu etiraf edirəm və azadlığa çıxdıqdan sonra ona olan borcumu ödəyəcəm”.
Xədicə deyib ki, Gülnardan işə düzəltmək adı ilə pul almadığını, özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarın sözlərinə görə, Xədicə ilə 2017-ci il dekabrında bir tanışının vasitəsilə tanış olub. O bildirib ki, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında fəaliyyət göstərən kafelərin birində Xədicə ilə söhbət edib: “Xədicə mənə Təhsil Nazirliyində işlədiyini bildirdi. İşsiz olduğum üçün fikirləşdim ki, Xədicə vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin birinə ingilis dili müəlliməsi kimi işə düzələrəm. Söhbət zamanı Xədicə hansı məktəbdə işləmək istədiyimi soruşdu. Ona 20 nömrəli məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəlmək istədiyimi bildirdim. Xədicə 10000 manat müqabilində iki ay müddətində 20 nömrəli məktəbə ingilis dili müəlliməsi kimi işə düzəldə biləcəyini dedi. Xədicənin təklifini qəbul etdim. Lakin özümü “sığortalamaq” üçün Xədicə ilə borc müqaviləsi bağlamağı təklif etdim. Xədicə etiraz etmədi”.
Gülnar qeyd edib ki, 21 dekabr 2017-ci ildə Xədicə ilə Xətai rayonu ərazisində fəaliyyət göstərən 40 nömrəli notariat ofisində görüşüb və orada Xədicəyə 10000 manat verib: “İki ayın tamamında Xədicəyə zəng etdim, işim ilə maraqlananda Xədicə bir az gözləməyi bildirdi. Beləliklə, hər dəfə Xədicəyə zəng edəndə, Xədicə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başladı. Artıq başa düşdüm ki, Xədicə məni də aldadaraq 10000 manatımı ələ keçirib. Ona görə də Xədicədən şikayət etmək qərarına gəldim”.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Xədicənin günahsız olması sübuta yetirilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Fariz Məlikli Demokrat.az


