Gündəm

Mahir Xəttab Prezidentə və Baş prokurora müraciət etdi

Mahir Xəttab Prezidentə və Baş prokurora müraciət etdi

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) Prezident İlham Əliyev və Baş prokuror Kamran Əliyevə müraciət edib.

Mahir Ələkbərovun ailəsi vasitəsi ilə Demokrat.az-ın redaksiyasına daxil olan müraciətdə deyilir:

“Müstəntiq ittiham aktında mənim Ramiz Göyüşovla olan söhbətim əsnasında işlətdiyim, “YAP-ı da dəfələrlə tənqid etmişəm” cüməsini xüsusilə qara şriftlə verib.

Burada məqsəd nədir? Nəyə nail olmaq istəyirlər? Mənim həbsimin arxasında hakim Yeni Azərbaycan Partiyasının olması fikrini yaratmaq? Bu, birbaşa olaraq cənab Ali Baş Komandanın iqtidarını kölgəyə salmaq, iqtidar və media nümayəndələri arasında dərin uçurum yaratmaqdır.

Onlar açıq şəkildə dövlətə, dövlətçiliyə, dövlət başçısına yox, dövlətin əleyhinə olan qüvvələrə xidmət etdiklərini göstərirlər.

Onlar ölkəyə narazı kütlə yaradaraq, hakimiyyətə zərbə vurmağa çalışırlar. Bunun başqa adı yoxdur. Məhz hakim Azər Tağıyev də barəmdə qanunazidd qərar verərək, həmin qüvvələrə xidmət etdiyini göstərdi. Bu da ona olunan etimada xəyanət etdiyinin nümayişidir.

Həmin qüvvələrin dövlət üçün nə dərəcə təhlükəli olduğunu cənab prezident öz çıxışlarında dəfələrlə vurğulayıb. Belə ki, ölkə başçısı öz çıxışlarında həmin qüvvələrdən 5-ci kalon deyə bəhs edib.

Məhz bu təxribatın qarşısını almaq üçün dövlətə, dövlətçiliyə şərəf və sədaqətlə xidmət edən qurumlar,qurum rəhbərləri müstəntiqin bu əməlini araşdırmalıdır. Dövlətə qarşı olunan bu xəyanət bağışlanmamalıdır. Barəmdə açılan cinayət işinin sifarişli olduğu təkcə bu nüansla ortaya çıxır.

Bu baxımdan mən dövlətimizdən xahiş edirəm ki, günahsız olduğumu sübut etçək üçün mənə köməklik göstərsinlər və həqiqət öz yerini tapsın”.

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə Mahir Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən Mahir Ələkbərovun vəkili tərəfindən apellyasiya şikayəti verilib. Həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılır.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az