Politoloq Nəzakət Məmmədova Demokrat.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- İlk olaraq, Rusiya-Ukrayna arasında münaqişənin başlanmasından danışardınız.
- Bu münaqişənin kökü soyuq müharibənin başa çatmasından sonra NATO-nun Şərqə doğru genişlənməyəcəyi haqda Qərbin öz üzərinə götürdüyü öhdəliklərinin pozulmasından sonra qoyuldu. NATO 1997-ci ildə belə bir vəd vermişdi, lakin o, pozuldu. Bundan 10 il sonra, 2007-ci ildə Putin Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, dünyanın əvvəlki kimi olmayacağını bəyan etdi. Qərbin Rusiya ilə bərabərhüquqlu davranmalı olduğunu, çoxqütblü dünya nizaminın vacibliyini qeyd etdi.
- Necə düşünürsünüz, hazırkı müharibəni Qərb-Rusiya münaqişəsi adlandırmaq olarmı?
- Təbii ki, Ukrayna Qərb-Rusiya müharibəsinin bir halqasıdır. Slavyan və pravoslav iki ölkəni Qərb dünyası faktiki üz-üzə qoyub. Qərbin məqsədi Avrasiya qitəsini - Türkiyə, Rusiya, Çin kimi böyük ölkələri mühasirəyə alıb, onun əl-qolunu açmasına imkan verməmək, sıxışdırıb, sonra da parçalamaqdır. -
Ukraynanın NATO-ya üzvlük məsələsi var. Bu fonda nələr ola bilər? -Ukrayna NATO-ya üzv olarsa, Qara dəniz tamamilə Qərbin nəzarətinə keçəcək. Bu, həm də Türkiyə üçün təhdiddir, baxmayaraq ki, o, bir NATO ölkəsidir. Türkiyə həm də Avrasiya qitəsinin böyük dövlətidir, Rusiyanın faktiki müttəfiqidir. Türkiyədə bir sıra insanların fikirləri belədir ki, Rusiya olmasa, Türkiyə də olmaz, Türkiyə olmasa Azərbaycan. Qara dəniz Rusiya olmadan tamamilə ABŞ kontroluna keçə bilər. Beləcə, Türkiyə onun öhdəsindən gələ bilməyib, məğlub olacaq və Avrasiyada, eləcə də bütün dünyada Amerika hegemonluğu bərqərar olacaq.
- ABŞ və Türkiyə arasında hansı problemlər var?
- ABŞ və Türkiyənin münasibətlərindəki problemləri saymaqla bitməz. Bu da bir faktdır ki, Türkiyədə ABŞ-a qarşı olan milyonlarla insan var, hazırda qonşu ölkədə antiamerikanizm çox güclüdür. Onlar ümid edir ki, Rusiya nə qədər ki, ABŞ qarşısında təkbaşına dayanıb, bu, Türkiyənin suverenliyini qorumağa kömək edir. Üstəlik, onların qorxusu odur ki, Rusiya Ukraynada məğlub olsa, Türkiyə tək qalacaq, Şimali Kiprdən çıxarılacaq, Egey dənizindəki mübahisəli adalar Yunanıstana keçəcək. Ona görə Rusiyaya dəstək verməyə üstünlük verirlər. Düşünürəm ki, müharibə Ukraynanın parçalanmasını legitimləşdirəcək. Əgər Ukrayna NATO-ya üzv olmaqdan imtina edib, Rusiyanın şərtlərini qəbul etsə, ölkə ən yaxşı halda federasiyaya çevrilə bilər. Krım, DXR və LNR isə xüsusi danışıqlar mövzusu olaraq qalacaq. Əgər Ukrayna hakimiyyəti müqaviməti davam etdirməkdə israrlı olsa, ölkə terror yuvasına çevriləcək, vətəndaş müharibəsi baş verəcək, milyonlarla qaçqın yaranacaq, humanitar böhran dərinləşəcək.
- Sanksiyalar Rusiyanı çökdürə bilərmi?
- Sanksiyaların Rusiya iqtisadiyyatını çökdürməsi inandırıcı deyil, müvəqqəti çətinliklər olacaq, lakin dərin iqtisadi böhran inandırıcı deyil.
Nəzrin Hüseynli Demokrat.az


