İsrail prezidenti İsak Hersoq Türkiyəyə rəsmi səfərə gedərkən Türk dilində "iki ölkə arasında dialoqun inkişaf etdirilməsi"nə dair mesajlar səsləndirib.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, İsrail prezidenti Hersoq və həyat yoldaşı Mişal Hersoq 2008-ci ildən bəri ilk dəfə İsraildən Türkiyəyə yüksək səviyyəli səfər həyata keçirib.
Səfərdən əvvəl jurnalistlərin suallarını cavablandıran Hersoq, "Prezident Ərdoğanın dəvətiylə prezidentlik dövrüm boyunca apardığımız dialoqu inkişaf etdirmək üçün Türkiyəyə gedirəm. Türkiyə ilə münasibətlər İsrailin və regionun marağındadır. Ümid edirəm ki, bu səfər İsrail və Türkiyə arasında dialoqu dərinləşdirəcək” deyə qeyd edib.
İsrail prezidentinin təyyarəsinin gövdəsində Türkcə, ivritcə və ingiliscə "Sülh, əməkdaşlıq gələcək..." mesajları yer alıb. Təyyarə eyni zamanda, Ayasofiya, Boğaz Körpüsü və Qalata Qülləsinin şəkilləriylə də bəzədilib.
Uzun bir aradan sonra İsraildən Türkiyəyə ilk dəfə səfər etdiyini söyləyən Hersoq deyib: "İsrail-Türkiyə münasibətləri son illərdə enişlər-yoxuşlar, çətin anlar yaşadı. Ancaq münasibətlərimizi yenidən başlatmalı, dövlətlər arasında hörmət çərçivəsində ölçülü və diqqətli bir şəkildə inşa etməliyik. Mən hər zaman öz baxışımı vurğulayıram ki, yəhudilər, müsəlmanlar, xristianlar bölgəmizdə sülh şəraitində yaşayacaq, xalqlara firavanlıq və mükəmməl həyat bəxş edəcəklər."
Demokrat.az


