Milli Məclisin deputatı Azər Badamov Demokrat.az – a son günlər regionda baş verən hadisələrlə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Azər müəllim, ötən gün Paşinyan sülh müqaviləsi ilə bağlı çağırışlar etdi. Sizcə, onun bu çıxışı nə ilə bağlı idi?
- Paşinyanın ötən gün sülh müqaviləsi ilə bağlı ölkə parlamentində dediyi fikirlər 44 günlük Vətən müharibəsinin yeni reallığıdır. Paşinyan kapitulyasiya sənədinə imza atmaqla, post- müharibə dövründə atacağı addımlarla bağlı öhdəlik götürüb. Bu öhdəliklər isə 4 dəfə imzalanmış üçtətəfli bəyanatlarda öz əksini tapmışdır. Bütün bunları nəzərə alaraq, qeyd edə bilərəm ki, Paşinyanın səmimi olub-olmasından asılı olmayaraq, sülh müqaviləsi imzalanmalıdır. Paşinyanın səmimiliyinə gəlincə, qeyd edə bilərəm ki, bu adamda heç vaxt səmimilk olmayıb və bundan sonra da bir səmimilik gözləmirik. Paşinyan öz fikirlərində qeyri-səmimilik göstərməklə, icra edilməli olan prosedurları yubadır. Amma Paşinyan başa düşməlidir ki, bunun alternativi də yoxdur və sülh müqaviləsi nə qədər tez imzalanarsa, ilk növbədə Ermənistanın özünün inkişafı üçün əhəmiyyətlidir.
- Sizcə, revanşist qüvvələr buna imkan verəcəkmi?
- Qeyd edə bilərəm ki, revanşist qüvvələr də reallığı qəbul edirlər və bilirlər ki, müharibədə düçar olduqları acı məğlubiyyət revanşizmin dirçəldilməsi üçün heç bir imkan saxlamayıb. Onlar da bilirlər ki, Ermənistanın ordusu məhv olunub və onun yenidən dirçəlməsi üçün ən azından 10 il vaxt lazımdır. Revanşistlərin əsas məqsədi yenidən müharibə etmək yox, sadəcə mövzudan istifadə etməklə, ölkədə tərəfdarlarını artırmaqla, siyasi sabitliyini pozmaq və yenidən hakimiyyətə qayıtmaq istəklərindən irəli gəlir. - Zəngəzur dəhlizinin açılması bu yaxın günlərdə reallaşa bilərmi?
- Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər davam etdirilir. Azərbaycan bu istiqamətdə bütün infrastruktur layihələri icra edir. Ermənistanda da dəmir yolun keçəcəyi ərazilərdə geodeziya işlərin aparılmasına müvafiq tapşırığın verilməsi ilə bağlı xəbərləri eşidirik. Həm də Ermənistan Zəngəzur dəhlizini 2023-cü ilin sonuna qədər açılacağı ilə bağlı məlumatları da səsləndirmişdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Zəngəzur dəhlizi müəyyən olunmuş vaxtda açılacaq.
- Bəzi ekapertlər yeni müharibənin olacağını istisna etmirlər. Siz necə düşünürsünüz? - Düşünürəm ki, yenidən müharibə baş verməyəcək və yerdə qalan bütün məsələlər danışıqlar yolu ilə həll olunacaq. Həm də Ermənistanın yenidən müharibə aparmağa nə iqtisadi, nə də hərbi gücü yoxdur. Amma bununla yanaşı Ermənistan yenidən müharibə etmək istəsə, Azərbaycan hər zaman hazırdır. Ordumuz mütəmadi olaraq yeni silahlarla təchiz olunur və pəşəkarlıq artırılır. Əgər yenidən müharibə baş verərsə, qısa bir zamanda tarixi torpaqlarımızın, o cümlədən Qərbi Zəngəzuru da azad edəcəyimizə heç bir şübhəm yoxdur. Aynurə Pənahqızı Demokrat.az


