Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar və Mədəniyyət Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində karantin rejimi qaydalarına əməl etməklə ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqətini daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Daha sonra qeyd etdi ki, bu gün ölkəmizdə yüksək vətənpərvərlik hisslərinə malik müasir Azərbaycan gəncləri yetişib, formalaşmışıb. Məhz fomalaşmış vətənpərvər Azərbaycan gəncləri böyük şücaət göstərərək Qarabağ torpaqlarını, Şuşanı işğaldan xilas etdilər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı, Hərbi Hava Qüvvələrinin İdman şöbəsinin rəisi, Polkovnik Leytenant Zal Nəbiyev qeyd etdi ki, 44 günlük Vətən müharibəsində bir daha qüdrətli ordumuz ölkəmizin regionun aparıcı hərbi və siyasi güc mərkəzinə çevirildiyini sübut etdi. Azərbaycan Ordusu yeni tarix yazdı. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ərzində yetişən yeni nəsil, xüsusəndə fiziki cəhətdən sağlam gənclər işğalda olan əzəli torpaqlarımızı azad etdilər.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Polkovnik Leytenant Yalçın Səmədov çıxış edərək bildirib ki, ordumuzun müasir standartlara uyğun formalaşdırılması, müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Daha sonra çıxış edən Salyan rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov bildirdi ki, hərbi idman oyunlarının keçirilməsi yeniyetmə məktəblilərin gələcək həyatlarında olduqca əhəmiyyətlidir. Hərbi idman oyunları bir növ məktəblilərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
Daha sonra yarışa start verildi. Yekun hesablamalara əsasən III yeri şəhər 2 saylı tam orta məktəbin komandası, II yeri Aşağı Noxudlu kənd tam orta məktəbin komandası, I yeri isə şəhər 8 saylı tam orta məktəbin komandası tutdu. Şəhər 7 saylı məktəb-liseyin komandası, Kərimbəyli kənd tam orta məktəbin komandası, Yuxarı Xalac kənd 2 saylı tam orta məktəbin komandası və Kürsəngi kənd tam orta məktəbin komandası yarışın fərqlənmə diplomları ilə təltif olundular.
“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri və fərqlənmiş komandaları Salyan rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif edildilər.
Rza Demokrat.az


