“Digər xalqlara yardım etmək, çətin günlərində onların yanında olmaq Azərbaycan xalqının mədəniyyətindən və insanpərvərliyindən irəli gələn məsələdir. Azərbaycan xalqı humanizm və yardımsevərlik prinsiplərini əsas götürərək Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukraynada yaranmış böhran vəziyyətinə biganə yanaşmır və köməkliyini əsirgəmir. Bu, xalqımızın mənəvi üstünlüyünü sübut edir. Müharibə taleyi yaşamış xalq olaraq bu çətinliyi və humanitar fəlakəti dərk edirik. Azərbaycan 1990-cu illərin əvvəllərində torpaqlarını itirib, əhalimiz qaçqın və köçkün düşüb və nəticədə, ağır dövr yaşayıb”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Ukraynada yaşanan böhran vəziyyəti ilə əlaqədar onlara dəstək vermək hər birimizin borcudur: "Əlbəttə ki, biz öz vətəndaşlarımızı unutmamalı, onlara da daim köməklik göstərməliyik. Azərbaycan dövləti və xalqı Vətən müharibəsində sağlamlığını və yaxınlarını itirən şəxslərə də daim mənəvi, eləcə də maddi dəstək verir. Ona görə də hazırkı mərhələdə ukraynalılara kömək etmək normal qəbul edilməlidir və təqdirəlayiqdir. Çünki burada söhbət insan taleyindən, çıxılmaz vəziyyətdə qalan insanlardan söhbət gedir. Hesab edirəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti məhz belə düşünür. Biz tarix boyu heç kimin acınacaqlı taleyinə biganə qalmamışıq. Azərbaycan tarixən müxtəlif xalqların və millətlərin pənah gətirdiyi ölkə olub. Dövlət və xalq olaraq, məhz belə vəziyyətlərdə də öz tarixi prisiplərimizə sadiqlik nümayiş etdirməyi bacarmalıyıq".
Demokrat.az


