Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Rafiq ailə münaqişəsi zəminində həyat yoldaşı Fəridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 23-də baş verib. Rafiq gecə saat 01.00-da rəsmi nikahda olduğu və birgə yaşadığı arvadı Fəridə ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı Rafiq arvadını sol qoluna yumruqla və sol ayağına dabankeşlə bir neçə zərbə vurub.
İstintaq orqanı tərəfindən Rafiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2008-ci ildə Fəridə ilə rəsmi olaraq ailə həyatı qurub: “Bu nikahımızdan 2009-cu il təvəllüdlü Valeh, 2014-cü il təvəllüdlü Sayalı adlı övladımız olub. Ailəli olduğumuz müddətdə münasibətlərimiz normal olub. Fəridə “Al market”də satıcı işlədikdən sonra aramızda tez-tez qısqanclıq zəminində münaqişələr baş verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, son vaxtlar Fəridənin ozünə aid olan mobil nömrədən başqa mobil nömrə işlətdiyindən şübhələndiyi üçün iyunun 23-də, saat təxminən 01.00-da ona bu barədə deyib: “Fəridə başqa nömrə işlətmədiyini və belə bir şeyin olmadığını dedi. Fəridə əsəbi formada məndən bezdiyini, ayrılmaq istədiyini dedi. Sol qoluma yumruqla vurdu. Həmin vaxt Fəridəyə heç bir söz demədi. Daha sonra evin giriş qapısında olan dabankeşi götürərək onun sol bud nahiyəsinə vurdum”.
Rafiq qeyd edib ki, bundan sonra aralarında təxminən 1 saat söz mübahisəsi olub: “Daha sonra səhəri gün saat 15.00-da evdə olarkən Fəridənin evdə olmadığını və evdən getdiyini öyrəndim. Fəridənin istifadəsində olan mobil nömrəyə yığsam da, onunla əlaqə saxlamaq mümkün olmadı. Aramızda olan münaqişədən təxminən 1 həftə sonra 4-cü polis bölməsinin polis əməkdaşı mənə zəng etdi, Fəridənin barəmdə şikayət etdiyini bildirdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fəridənin sözlərinə görə, Rafiq ilə evləndikdən sonra münasibətləri son 4 ilədək normal olub: “Son 4 il ərzində yoldaşım mənimlə pis rəftar edib. 4 ilə yaxındır ki, Rafiq işləməyib, evdə yalnız mən işləmişəm və evin bütün tələbatlarını mən qarşılamışam. Rafiq dəfələrlə işlədiyim marketə gəlib, məni təhqir edib və orada döyməyə çalışıb. Rahim məndən mütəmadi olaraq öz tələbatı üçün gündəlik olaraq 5-6 manat pul alıb”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu mübahisələri iyunun 23-də, saat təxminən 01.00-da baş verib: “Rafiq öz tələbatını ödəmək üçün məndən 5-6 manat istədi. Rafiqə pulumun olmadığını dedim. Artıq bezdiyimi, uşaqlarımın və evimin tələbatını qarşılaya bilmədiyimi bildirdim.
Buna baxmayaraq Rafiqü mənə anamdan, iş yoldaşlarımdan pul alaraq verməyimi tələb etdi. Rafiqə onun üçün aldığım borcları hələ qaytara bilmədiyimi və heç kimin mənə borc verməyəcəyini dedim. Bütün bu problemlərin nə vaxta kimi davam edəcəyini bilmək istədiyimi, normal bir ailə kimi yaşamaq arzusunda olduğumu, artıq bunlara dözə bilmədiyimi və atamın evinə gedəcəyimi dedim. Rahim mənə “artıq məni istəmirsən, mən artıq səni qane etmirəm?” dedi. Rafiq bu sözləri təkrar edə-edə mənim sol qoluma yumruq zərbələri endirməyə başladı. Səsimi çıxartmadım. Daha sonra Rafiq otaqdan çıxdı və evin giriş qapısından asılmış dabankeşi götürərək geri qayıtdı. Məni təhqir edərək ilk öncə dabankeşlə sol bud nahiyəmə xəsarət yetirdi”.
Fəridə bildirib ki, ertəsi gün saat 12.30-da evi tərk edib və Abşeron rayonu, Müşviqabad qəsəbəsində yaşayan dayısıgilə gedib. Qeyd edib ki, iyulun 25-də Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə gəlib, baş verən hadisə ilə bağlı şikayət edib.
Fəridənin sözlərinə görə, hadisə zamanı otaqda azyaşlı uşaqlar olub: “Azyaşlı uşaqlarım yatdığı üçün döyülən zaman səsimi çıxartmadım. Buna görə hadisəni görən olmayıb”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Rafiqin barəsində Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib. Fariz Məlikli Demokrat.az


