Gündəm

Hərbi analitik: “Bu daha çox NATO və BRİCS ölkələri arasında olan bir müharibədir”

Hərbi analitik: “Bu daha çox NATO və BRİCS ölkələri arasında olan bir müharibədir”

“Rusiya ilə Ukrayna arasında uğurlu dialoq baş tutmadı. İqtisadi olaraq ciddi itkilər vermiş və sanksiyalarla daha da çökən Rusiya geri addım atmır. Ukrayna isə tarixdə ilk dəfə bu qədər ciddi milli dirəniş göstərməkdədir və hər hansı haqsız tələblə razılaşmanın suverenliklərinin itirilməsi olacağını çox yaxşı bilirlər”.

Bunu Demokrat.az-a hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev deyib. Hərbi analitik vurğulayıb ki, diplomatik olaraq dünyanın əksər böyük dövlətləri Ukraynanı dəstəkləyir:

Hərbi analitik: “Bu daha çox NATO və BRİCS ölkələri arasında olan bir müharibədir”

“Avropa dövlətləri təhlükənin fərqindədirlər və tampon bölgə olaraq Ukraynada gedən döyüş əməliyyatlarını silah, texnika, təchizat və maddi resurslara təmin edirlər. Hətta əldə etdiyi maddi dəstəklər sayəsində Ukrayna yeni beynəlxalq dirəniş ordusu qurmaq istiqamətində niyyətini elan etdi və fəaliyyətləri başlatdı. İnformasiya müharibəsi sahəsində də görünən odur ki, Rusiya Qərbin qoyduğu əngəllərlə tam blokada vəziyyətindədir. Bu səbəblə təsir və maraq sahələrində Ukrayna propaqanda imkanları ilə tam üstün vəziyyətdədir. O cümlədən döyüş sahəsində hədəf müəyyən etmədə ciddi çətinliklər var. Rus ordu birləşmələri bütün istiqamətlərdə təhlükə ilə üzləşirlər. Ordu içərisində idarə etmədə xaos hər keçən gün artmaqdadır. Ordu ilə siyasi iradə arasında ciddi fikir ayrılığı var”.

Hərbi analitik qeyd edib ki, ancaq bu vəziyyət Ukrayna ordusunda tam əksinədir: “Ukrayna ordusu öz siyasi rəhbərinə tam etimad edir, ancaq Rusiyada xalq müharibəyə qarşıdır və ciddi etirazlar var. Neçə gündür müharibə getsə də, Rusiya hələ də havada üstünlük əldə etməyib. Müharibə sahəsi barədə digər texniki vasitələrlə məlumat alma imkanının məhdud olduğu bir vaxtda bu əməliyyat sahəsində kor vəziyyətdə olmaq deməkdir. Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığı baxımından Ukrayna ordusuna önəmli dəstək var. Hədəflər dəqiqliklə müəyyən olunur və resurslar səmərəli sərf edilir. Radio elektron mübarizədə Ukrayna Qərbin dəstəyi ilə tam üstün vəziyyətdədir. Rus ordusunun rabitə vasitələrindən effektiv istifadə edə bilməməsi əməliyyatların icrasında və yaranmış vəziyyət üzrə çevik qərar vermədə nöqsanlara yol açır. Müharibənin ilk günlərində rahatlıqla hərəkət edən rus ordusu artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Təminat yolları kiçik qruplar şəklində Ukrayna ordusunun nəzarətindədir. Texnikalar ya hərəkət edə bilmir, ya da istifadə etməyə döyüş sursatları yoxdur. Rus əsgərləri həm də aclıqla mücadilə edirlər. Onlara komandirləri tərəfindən deyilənin tərsinə yerli rus əsilli ukraynalılar belə onlara köməklik göstərmirlər”.

“Bu müharibə tərəflərin razılaşması əsasında növbəti bir mərhələyə keçid edə bilsə belə, yenə də bunun mütləq davamı və fəsadları olacaq. Çünki mövcud müharibə Ukrayna və Rusiya arasında olan müharibə deyil. Bu daha çox Amerika Birləşmiş Ştatları, o cümlədən NATO və BRİCS ölkələri arasında olan bir müharibədir. Sadəcə olaraq müharibə sahəsi Ukrayna ərazisindədir. Ona görə Ukrayna bu müharibədən heç bir şəkildə karlı çıxmayacaq. Mövcud vəziyyətdə Rusiya da itirən tərəflər arasındadır. Çünki Qərbi dəstəyi ilə Ukrayna Rusiyaya qarşı dirənməkdədir. Qərbin heç bir şəkildə müharibəyə müdaxilə olmadığı düşünülür. Ancaq hazırda qazanan tərəfdədir və güc dəngəsində mövcud BRİCS ölkələrinin imkan və qabiliyyətləri azalmaq üzrə getməkdədir. İlkin mərhələdə Rusiya ciddi zərər görməkdədir” – deyə, R.İmamquliyev bildirib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az