Gündəm

Aslan İsmayılov: “Sumqayıtla bağlı kitabımdan sonra mənə hücumlar başladı, Ramiz Mehdiyev, Əli Həsənov...”

Aslan İsmayılov: “Sumqayıtla bağlı kitabımdan sonra mənə hücumlar başladı, Ramiz Mehdiyev, Əli Həsənov...”

Bu gün 1988-ci ildə baş verən Sumqayıt hadisələrinin növbəti ildönümüdür. Sumqayıt da digər faciələrimiz kimi unutdurulmayacaq hadisələrdəndir və gün keçdikcə əhəmiyyətini artıra-artıra gedir. Lakin Sumqayıt hadisələrinin indiyədək geniş dünya ictimaiyyətinə çatdırılmaması təəssüf doğurur. Millətin önəmli məsələsinə belə laqeyd münasibətin yalnız başqa səbəbləri ola bilər.

Tanınmış hüquqşünas Aslan İsmayılovla bu hadisələrdən danışdıq. Aslan İsmayılov Sumqayıt işində dövlət ittihamçısı qismində çıxış edib. Ona görə də hadisənin mahiyyətini tamamilə bilir və illərdir ki, bu mövzuda sözün bütün mənalarında savaşır. Yalnız 2010-cu ildən Sumqayıt haqqında “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazandan sonra hadisə yenidən gündəmə gəldi. Maraqlıdır ki, o da qısqanclıqla. Aslan İsmayılovun kitabını da, fikirlərini də kserokopiya edib, onun özünü də kənarlaşdırmaq istədilər. Film çəkəndə də, sayt yaradanda da, kitablar yazanda da.

A.İsmayılov Demokrat.az-a açıqlamasında qeyd edib ki, o, 33 il ərzində Sumqayıt hadisələrini bütün dünyaya çatdırmağa çalışıb: “Obyektiv olan odur ki, Qarabağın işğalı Sumqayıtdan başlayıb. Ermənilər SSRİ yaranar-yaranmaz Dağlıq Qarabağa iddia etmişdilər və onların bu iddiasını körükləmək çətin deyildi. Sadəcə, ədavəti səngimiş qonşu xalqları yenidən üz-üzə qoymaq, aralarına yenidən qan salmaq, qarşılıqlı milli nifrəti şiddətləndirmək üçün yeni olaylara ehtiyac vardı. Bu cür qanlı tamaşalardan birini SSRİ DTK-sı Sumqayıtda qurdu. Mənim bu barədə yüzlərlə müsahibələrim olub, televiziyalarda çıxışlarım olub. Amma çox təəssüf ki, hər çıxışımdan sonra üstümə hücumlar olub. 2010-cu ildə kitab yazmışam: "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı". O kitabı təkbaşıma rus, ingilis, alman, türk dillinə tərcümə etdirərək, bütün dünyaya yaymışam, “Sumqayıt1988.com” saytı yaratmışam. Dünyanın ən böyük satış mərkəzi olan “Amazon.com” saytından 4 amerikalı professorun müəllifliyi ilə onu yerləşdirmişəm və bütün qonorarlardan həmin amerikalı professorların xeyrinə imtina etmişəm ki, maksimum yayılsın. Amma, ondan sonra mənə daha çox hücumlar başlayıb. Ramiz Mehdiyev və Əli Həsənovla olan mübarizəm də şəxsi mübarizə olmayıb. Bu iki şəxs rusun nümayəndəsi kimi ömrümü məhz buna görə cəhənnəmə döndərmişdilər.

Sevindirici hal odur ki, bu il fevral ayının 22-dən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyit Sertçelikin ön sözü ilə kitabım Türkiyədə yenidən dərc olundu. Kitabı iş adamı Saleh Bağırovun dəstəyi ilə, heç bir xəbərim olmadan türk, fransız, ingilis dilində nəşr olunub. Ankarada Cümhuriyyət Kitabxanasında Türkiyə millət vəkillərinin, tanınmış tarixçi professorların, Ankarada yerləşən bir çox səfirlərin və onların nümayəndələrinin iştirakı ilə Türkiyədə fəaliyyət göstərən “Nestor” kitab evinin təşkilatçılığı ilə böyük bir tədbir keçirdik. Həmin tədbirdə “Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı” kitabının türk, ingilis və fransız dillərində təqdimatını keçirdik. Ölkəm əvəzinə bir utanc hissi keçiridim ki, Türkiyədə o cür hörmətlə qarşıladılar, bütün xərclərini ödədilər. Orada bütün millət vəkilləri, professorlar hamısı mənə dəfələrlə yaxınlaşıb soruşdular ki, nə üçün kitabla bağlı eşitməmişik. Niyə bununla bağlı bir film çəkilməyib? Utanırdım onlara deyəm ki, əşi film çəkilmək cəhənnəm, məni Azərbaycanda 10 illərdir ki, düşmən kimi qələmə verirlər.

Qeyd edim ki, vaxtilə keçmiş xarici işlər naziri Elmar Məmmədyaraovla da görüşəndə demişdim ki, mənim adım kitabdan çıxarılsın, ancaq kitabın içində olan materiallar dünyaya çatdırılsın. Ancaq təəssüf ki, olmadı. Hesab edirəm ki, bəlkə bundan sonra Azərbaycan dövləti, hakimiyyəti bu kitaba sahib çıxar. Söhbət kitaba sahib çıxmaqdan, mənim müəllifliyimdən getmir, içindəki hadisələrin dünyaya çatdırılmasından gedir. İnanıram ki, bəlkə bundan sonra, bu hadisələr bütün dünya ictimaiyyətinə geniş formada çatdırılacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az