“Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması hər iki ölkə xalqları üçün çox əhəmiyyətlidir. Çünki bu ölkələri tarixi köklər, müəyyən ənənələr birləşdirir və uzun illər Azərbaycan - Rusiya xalqları bir-biri ilə qardaşlıq münasibətləri əsasında yaşayıblar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili qeyd edib ki, bu gün Rusiya Federasiyasında milyonlarla soydaşlarımız yaşayır və onlar ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər:
“Əlbəttə ki, münasibətlərin yaxşılaşdırılması hər iki ölkə üçün faydalıdır və bu münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi sözsüz ki, gələcəyin daha yaxşı, daha normal təmin olunması üçün bir zəmanətdir. Son illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Rusiya Federasiyası ilə münasibətlər yüksək səviyyədə təmin olunub. Bu, 44 günlük müharibə dövründə, eləcə də ondan sonrakı dövrlərdə də bir daha özünü göstərdi. Əgər əvvəllər Rusiya Federasiyası, Rusiyanın hakim dairələri bütün sahələrdə Ermənistanı müdafiə edirdilərsə, lakin sonrakı dövrlərdə artıq Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunması, ölkə rəhbərinin apardığı siyasət nəticəsində bütün məsələlərə aydınlıq gətirildi. Demək olar ki, müharibə dövründə Rusiya Federasiyası neytral mövqe tutdu və bir çox hallarda Azərbaycanın mövqeyini dəstəklədi. İstər hakim dairələr, istərsə də siyasətçilər, Rusiya vətəndaşları Azərbaycanın haqlı mübarizəsinə səs verdilər, Azərbaycan azad edən bir ölkə kimi qiymətləndirdilər”.
Deputat Moskvada imzalanan Bəyannamənin əhəmiyyətində də söhbət açıb:
“Moskvada fevralın 23-də Azərbaycan Respublikası ilə Rusiya Federasiya arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması bir daha göstərir ki, bu ölkələr arasında sağlam münasibətlər bərqərar olunmaqdadır:
“Əlbəttə ki, müttəfiqlik münasibətlərinin inkişafı, əlaqələrin yaxşılaşdırılması, əməkdaşlığın möhkəmləndirilməsi həm rus xalqına, həm də Azərbaycan xalqına öz həyatını normal qurmaqda yeni imkanlar yaradır. Sözsüz ki, bu bəyannamənin imzalanması yeni mərhələnin təməlinin qoyulmasıdır, bunun strateji müttəfiqlik səviyyəsinə qaldırılmasıdır. Sözsüz ki, ölkə rəhbərliyinin yürütdüyü bu siyasət istər Azərbaycan xalqı, istərsə də Rusiya xalqı tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Çünki Putinlə İlham Əliyevin ilkin görüşlərində də Azərbaycan - Rusiya münasibətlərinə çox böyük önəm verildi. İstər iqtisadi, istər siyasi, istər mədəni sahələrdə olan əlaqələr diqqətə çatdırılmaqla, hər iki ölkənin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. Bu gün Azərbaycan bir çox məsələlərdə özünün müstəqil siyasətini yeridən bir dövlətdir”.
Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yeri və rolu olduğunu vurğulayan deputat əlavə edib ki, bütün bunlar Azərbaycan prezidentinin yürütdüyü düşünülmüş siyasətin nəticəsidir:
“Biz əgər bu gün bir çox beynəlxalq təşkilatlarda təmsil olunuruqsa, BMT Təhlükəsizlik Şurasının bir üzvü kimi həmin şuraya sədrlik ediriksə, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə öz nüfuzumuzu bərqərar edib, rolumuzu göstəririksə, lakin bir çox hərbi bloklara qoşulmaqdan uzağıq. Çünki Azərbaycan dövləti, Azərbaycan prezidenti dünyada sülhün, əmin-amanlığın, azadlığın demokratiyanın bir carçısı kimi çıxış edir. Bunu Azərbaycan xalqı kimi nəinki, söz də əməldə sübut edir. Fikir verin, 44 günlük müharibə oldu, Azərbaycan ordusu düşmən üzərində tarixi qələbə əldə etdi. Lakin qonşu Rusiya Federasiyasının rəhbərliyi tərəfindən çağırışı nəticəsində sülh, əmin - amanlıq üçün addımlar atıldı və çox mühüm olan bəyannamələr, müqavilələr imzalandı. Bu, onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti uzunmüddət düşmən işğalına, erməni təcavüzünə məruz qalmasına baxmayaraq, beynəlxalq normaları, beynəlxalq prinsipləri əldə rəhbər tutan və ona əməl edən bir dövlətdir. Bu gün bu istiqamətdə böyük işlər gedir və əlbəttə ki, bu münaqişənin aradan qaldırılmasında, müharibənin dayandırılmasında və müəyyən əhəmiyyətli sənədlərin imzalanmasında Rusiya Federasiyanın dövlət rəhbəri Putinin əməyini qiymətləndirməmək olmaz.Bu gün Rusiyanın rəhbəri Azərbaycana çox böyük önəm verir və Moskvada imzalanmış bu bəyanat da bunun parlaq ifadəsidir”.
Aynurə Pənahqızı Demokrat.az


