Abşeron rayonunda 1973-cü il təvəllüdlü Qadir qısqanclıq zəminində arvadı Güldana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 28-də Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi” yaşayış komlpeksində baş verib.
Qadir yaşadıqları evdə olan zaman Güldan ilə arasında Namil adlı həkimlə birlikdə işləməyə icazə verməməsi səbəbindən qısqanclıq və ailə münasibətləri zəminində sözlə mübahisə edib.
Baş vermiş mübahisə zamanı Qadir Güldanı əl və ayaq zərbələri ilə döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Qadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qadir ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Güldan ilə 2015-ci ildə ailə həyatı qurub: “Güldan Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləyib. Sonradan isə işinin ixtisara düşəcəyi bildirildiyi üçün başqa iş yeri axtarmağa başladı. Noyabrın 28-də, saat 14 radələrində yaşadığımız evdə olan zaman Güldanın bacısı Günayla söhbət edərək Bakı şəhərindəki poliklinikaların birində işləyən həmyerliləri Namilin yanında işə düzələcəyini dediyini eşitdim. Onların söbətinə müdaxilə etdim. Güldana Namillə birlikdə işləməyə icazə vermədiyimi dedim. Güldan bunun səbəbini soruşdu. Həm yolun uzaqlığı baxımından, həm də arvadımı Namilə qısqanmağım səbəbindən buna icazə verməyəcəyimi izah etdim. Həmin vaxt Güldan ailəsini dağıtmalı belə olsa, Namilin yanında işləyəcəyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, baş vermiş mübahisə zamanı Güldan onun yenicə dünyaya gəlmiş, birinci ailəmdən olan qız nəvəsini söyüb: “Əsəbləşərək Güldanın qolundan tutdmş və onu sakitləşdirmək üçün evdən bayıra çıxarmaq istədim. Lakin çölə çıxmaq istəmədiyi üçün müqavimət göstərdiyindən Güldanı itələdim. Bu zaman Güldan böyrü üstə oturacaq stulunun üzərinə yıxıldı, çiyni isə qapının tininə dəydi. Bundan sonra baldızımla birlikdə Güldanı ayağa qaldırdıq, stolun üstündə oturtduq və onu sakitləşdirdikdən sonra evdən çıxaraq işə getdim”.
Qadir deyib ki, məlum mübahisə vaxtı Güldanı itələsə də, onu yumruq və təpik zərbələri ilə döyməyib, saçından yapışaraq sürütləməyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Güldanın sözlərinə görə, Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyib, sonradan ixtisara düşəcəyi barədə ona xəbərdarlıq edildiyindən özünə yeni iş yeri axtarmağa başlayıb: “Buna görə də əvvəllər Abşeron rayon Mərkəzi Xəstəxanasında həkim işləmiş həmyerlim Namilə zəng etdim, iş axtardığımı bildirdim və məni öz yanında işlə təmin etməsini xahiş etdim.Namil həkim isə cavabında hazırda 22 saylı xəstəxanada işlədiyini, lakin orada vakansiya olmadığını və münasib iş imkanı olan kimi mənə xəbər verəcəyini dedi. Bu barədə bacım Günayla söhbət edən zaman Namil həkimin yanında işə düzəlmə ehtimalımın olduğunu bildirdim. Həmin vaxt söhbətə qulaq asan ərim Qadir isə Namillə işləməyə icazə verməyəcəyini dedi. Mən isə öz növbəmdə ərimdən bunun səbəbini soruşdum. Xeyli təkiddən sonra qardaşım İsmayılın öz arvadı Samirə ilə birlikdə atası Əliyə mənim namillə yaxın münasibətdə olduğumu bildirdiklərini, eləcə də mənim əxlaqsız olduğumu dediklərini bildirdi. Özü də bu fikirlərə dəstək verərək, bu səbəbdən Namilin yanında işləməyimə qəti surətdə icazə verməyəcəyini dedi. Bu mövzuda davam edən söhbət zamanı aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Qadir ilk əvvəl saçımdan tutaraq dartdı, sonra məni yerə yıxdı və yerdə sürütlədi. Davamında isə qarın və bel nahiyələrimə yumruq, təpik zərbələri vurmağa başladı. Həmin vaxt Qadirin təpik zərbələrindən biri sol ayağımın pəncəsinə dəydiyindən ayaq barmaqlarım qatlandı”.
Zərərçəkmiş deyib ki, bu zaman bacısı Günay çətinliklə onu Qadirin əlindən alıb: “Həmin gün özümü çox pis hiss etdiyimdən və sol ayağımın barmağım şişdiyindən, eləcə də bədənimdə güclü ağrılar olduğundan baş vermiş bu hadisə barədə məlumat verə bilmədim. Ertəsi gün Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edərək şikayət etdim. Qadirdən şikayətçi olmaqla yanaşı, ona cəza verilməsini istəyirəm”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Qadirə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilib. Onun üzərinə Bakı şəhəri ərazisini və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.
Hökmün icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilib.
Cəzanın icrası müddəti təqsirləndirilən şəxsin icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.
Fariz Məlikli Demokrat.az


