“Hazırda Rusiya-Ukrayna gərginliyi getdikcə artmaqdadır. Bu dəfə Türkiyənin açıq dəstəyi var. Türkiyə birmənalı olaraq əgər gərginlik silahlı toqquşmaya gətirib çıxarsa, açıq hərbi müdaxilə edəcək”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bununla bağlı iki ölkə arasında hərbi müqavilə də imzalandığını diqqətə çatdırıb:
“Lakin istənilən halda indiki durumda münaqişənin daha da qızışacağını düşünmürəm. Çünki Türkiyənin də prosesə müdaxiləsi ilə münaqişə ikitərəfli formatdan çıxaraq qlobal xarakter daşıyacaq. Bunu isə tərəflərdən heç biri istəməz. Açıq müharibə insan itkisindən başqa heç nə vəd etmir. Bu münaqişədə indiyədək 14 mindən artıq şəxs həlak olub. Qərb dövlətləri - “Böyük yeddilik” (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, ABŞ və Yaponiya), NATO üzvləri, Avropa İttifaqı, Avropa Şurası - Rusiyanın Krımı özünə birləşdirməsi hadisəsinə kəskin etirazlar etsə də, ona qarşı müxtəlif sanksiyalar tətbiq etsələr də, Rusiya bütün beynəlxalq reaksiyalara rəğmən öz əməlindən çəkinməyib”.
Millət vəkili qeyd edib ki, hazırda hər iki tərəf sərhədboyu çoxlu əsgəri, hərbi texnikanı və döyüş vasitələrini cəmləşdirib:
“Bildiyimiz kimi, Cənab prezident İlham Əliyev ən gərgin zamanda Kiyevə getdi və dəstək göstərdi. Habelə, Türkiyə ilə hərbi-strateji ittifaqı hər iki qardaş ölkə təsdiqlədi və bu müqavilələr qanuni qüvvəyə mindi. Avropa İttifaqı ilə münasibətlər son vaxtlar çox yaxınlaşıb. Göründüyü kimi, artıq tarixin dəyişdiyi bir dövrdə yaşayırıq. Xarici siyasətin güclü olduğu fonda daxili yüksələn dövlətimiz də bu məsələdə öz mövqeyini açıq bəyan edəcək. Çünki görülən işlər də buna zəmanətdir”.
Aynurə Pənahqızı Demokrat.az


