“Azərbaycan Milli Elmlər Akademiyası həmişə həm ciddi elm, həm də mənəviyyat məbədi olub. Çünki elm və mənəviyyat bir arada olmasa həqiqi elmdən və onun inkişafından danışmağa dəyməz”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O, vurğulayıb ki, AMEA zamanla burada ciddi elm xadimlərini yetişdirib: “Biz Zahid Xəlilov, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Kərim Mahmudov və digər akademiklərimizi təkcə elm xadimi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə sahib böyük şəxsiyyətlər kimi tanımışıq. Çox təəssüf ki , AMEA–nın bu nəcib ənənələrinə axır vaxtlar kölgə düşməkdədir. Bu isə elmi-mənəvi mühitimiz üçün ciddi faciəvi nəticələrə gətirib çıxara bilər. Ona görə də, akademiyada baş verən neqativ hallar və bu halların AMEA-nın divarlarından aşaraq ümumi ictimai gündəmi zəbt etməsi, elə akademiyanın özünün əməkdaşları tərəfindən akademik mühitin dözülməz həddə çatdırıldığının, elm məbədinin intriqa yuvasına çevirildiyinin etiraf edilməsi akademiyaya rəhbərlik edən Ramiz Mehdiyevin istefa verməsini zəruri edir. Çünki AMEA –da heç vaxt belə hadisələr baş verməyib”. H.Babaoğlunun fikrincə, bu halların baş verməsi akademiyanın idarə olunmadığını və ya qəsdən idarə edilmədiyini göstərir:
"Üstəlik, bu günlərədə onu tənqid edənlərə AMEA-nın prezidenti Ramiz Mehdiyevin verdiyi qeyri-adekvat cavab əslində, AMEA-da baş verənlərin göründüyündən daha problematik və daha dərin olduğunun sübutu kimi səslənir. Hər şeydən öncə müxtəlif tənqidlərə və istefa çağırışlarına verilən cavab akademiyada son illərdə görülən işlərin ictimai hesabatı kimi tərtib edilməklə tənqidi arqumentləri sıradan çıxarmağa yönəlmiş olmalı idi. Ancaq cavabda Azərbaycan dövlətçiliyinin əsaslarını hədəfə alan, hüquqi- siyasi sistemimizin legitimliyinə şübhə yaradan ittihamlar yer alır. Ölkəmizdə həyata keçirilən dərin demokratik islahatlar nəticəsində yeni konfiqurasiya əsasında formalaşan parlamentdə təmsil olunan müxalifət partiyalarını “avtobus” yaxud “cib müxalifəti”adlandırılır. Deputatların bir qismi “seçicilər tətəfindən qovulan, rüsvay edilmiş, saxta deputatlar” adlandırılır. Belə olan halda, inana bilmirsən ki, Azərbaycanda hakimiyyət bölgüsünün üç əsas qollarından biri olan Azərbaycan Respublikası Milli Məclisinin legitimlyini şübhə altına alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Çünki adətən Milli Məclisə qarşı bu cür ittihamlar səsləndirənlər akademikin ifadə etdiyi kimi sosial şəbəkə “trolları” olur. Belə olanda bəzi radikal qruplaşmaların Azərbaycanın milli məsələlərdə konstruktiv mövqe nümayiş etdirməyi bacaran xalqdan səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifətə “cib” yaxud “avtobus” müxalifəti deməsi ,indi isə akademikin onlara istinad etməsi maraqlı bir şübhə yaradır. Görəsən “cib” yaxud “avtobus müxalifəti” terminləri bumeranq terminlərdirmi? Yəni, vaxtilə radikallara ötürüb indi də özlərimi istinad edirlər. Akademik Ramiz Mehdiyevin cavabında ikinci ciddi ittiham ilk baxışda müxalifət liderlərinə yönəlmiş kimi görünsə də, ancaq dərin qatlardakı hədəf yenə də Azərbaycan cəmiyyəti və hakimiyyətidir. Akademik öz cavabında cəmiyyətimizi rus dillilər və qeyri-rusdillilərə bölməklə, ictimai ziddiyət yaratmağa istiqamətlənmiş neqativ tezis səsləndirimiş olur. Əvvəlcə Azərbaycan dilliləri rusdillilərə hədəf göstərərək, deyir ki, rusdilli məktəblərdə təhsil alan azərbaycanlılar milli satqındır. Bu, tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir. Eyni zamanda, təhsil sistemimizin bazası olan azərbaycan dilli təhsil sahəsini aşağılayaraq sual edir: “Bu gün biz bir sualın cavabını tapmalıyıq. Görəsən Azərbaycan dilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?” Doğrusu mən mətbuatla daima ünsiyyətdə olan və onu ardıcıl izləyən adam kimi heç vaxt rast gəlməmişəm ki, kimsə Azərbaycanda rus dilində təhsil alan azərbaycanlılarımız satqın adlandırsın. Belə olan halda Ramiz Mehdiyevin AMEA-nın problemləri ilə bağlı olan məsələlərə ictimai-siyasi rəng verərək onu mürəkkəbləşdirmək cəhdlərini başa düşmək olmur. AMEA-nın prezidenti vəzifəsi ona tabe olan institut rəhbərlərinə yaxud əməkdaşlarına akademiyanın rəsmi səhifəsindən cavab vermək mərtəbəsi deyil. Əgər bir rəhbər tabeçiliyində olanlarla media vasitəsilə danışır və hesablaşırsa, deməli bu müəssisə artıq qeyri–funksionaldır və idarə olunmur. Bunu isə bütün Azərbaycan ictimaiyyəti görür. Belə olan halda, ən yaxşı çıxış yolu doğrudan da istefa verməkdir”.
Aynurə Pənahqızı Demokrat.az


