Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilsin.
Bundan başqa, Prezidentin digər sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb.
Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
Rövşən Nəcəf 2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
Növbəti 8 il ərzində (2010–2018-ci illər) "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
2018-ci ilin mayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bir il sonra 2019-cu il avqustun 28-də Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. 2020-ci il fevralın 11-də isə iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.
Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.
Demokrat.az


