Masallı rayonunda 1993-cü il təvəllüdlü Mirzə Babayev qısqanclıq zəminində arvadı Fidanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mirzə 16 fevral 2021-ci ildə arvadı Fidan ilə aralarında qeydə alınmış nigah Masallı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə pozulduqdan sonra sonuncunun ona xəyanət edəcəyini deməsindən əsəbləşib. Bu səbəbdən Fidanı öldürmək qərarına gəlib.
Bu məqsədlə Mitzə fevralın 19-da, saat 20 radələrində tanışı Mədətə məxsus “VAZ-2107” markalı avtomobili idarə edərək Masallı rayonu Ərkivan qəsəbəsinə gəlib. O, Fidanı söhbət etmək adı ilə avtomobilə mindirib və Qəriblər kəndinin ərazisində yerləşən Viləşçay su anbarının yaxınlığına aparıb.
Orada Mirzə boşanmaq istəmədiyini, barışaraq birlikdə yaşamalarını bildirib. Fidan onun təklifindən imtina edib.
Bu səbəbdən Mirzə cinayəti törətmək məqsədi ilə əvvəlcədən özü ilə gətirdiyi bıçağını çıxarıb və Fidanın döş qəfəsinə qəsdən bir neçə zərbəsi vurub.
Bu zaman Fidanı bıçağın tiyəsindən tutaraq Mirzədən onu öldürməməsi üçün yalvarıb. Amma Mirzə arvadının yalvarışlarına məhəl qoymayıb.
Mirzə öz cinayətkar əməlini davam etdirib və bıçağın tiyə hissəsi ilə yenidən Fidanın döş qəfəsinə zərbələr vurub. O, Fidanın öldüyünü zənn edib və oradan gedib.
Fidanın köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirzə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun məcburi olaraq narkomaniyadan müalicəyə cəlb olunması barədə də qərara çıxarılıb.
Hökmdən narazı qalan Mirzənin vəkili apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib.
Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Mirzənin müdafiəçisi tərəfindən verilən şikayət təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


