“Son günlər baş verənlər onu göstərir ki, Rusiya imperiya siyasətindən əl çəkməyib. Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Makronu əli cibində qəbul etməsi də buna açıq-aydın şəkildə sübut edir. Bütün bunlar hamısı xəstə imperiya təxəyyülünün elementləridir”.
Bunu Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
O qeyd edib ki, Rusiya 44 günlük müharibədə Azərbaycanın qələbəsini məcburi həzm edib:
“Azərbaycan qardaş Türkiyə ilə birlikdə bu prosesdə iştirak edirdi. Ona görə də Rusiya müəyyən qədər geri çəkilmək məcburiyyətində qaldı, amma erməniləri müdafiə etmək istiqamətindən əl çəkmədi. Sirr deyil ki, sülhməramlılar adı altında Azərbaycana daxil olan işğalçı ordu gəldiyi gündən bugünədək yüz hoqqadan çıxır. Təbii ki, bununla bağlı Azərbaycan siyasətçilərinin, Azərbaycan hakimiyyətinin, ictimaiyyətinin də etirazı var. Amma siyasət belədir ki, müəyyən qədər reallığı qəbul edib, səbr etməyi də bacarmalıyıq. Düşünürəm ki, müəyyən müddətdən sonra Qarabağda rus sülhməramlıların sərbəst hərəkət etməsinə imkan verməyəcəyik. Çünki zamanı çatan kimi onlar bu ərazilərdən çıxarılacaqlar. Düşünürəm ki, Rusiyanın Müdafiə Nazirliyi və digər qurumları hoqqalarını yenə də davam etdirəcəklər. Xatırlayırsınızsa, müharibədən dərhal sonra Rusiyanın ayrı-ayrı nazirlikləri, Fövqəladə Hallar Nazirliyi elə bil ki, bunların öz ərazisidir və başladılar burada tikinti-quraşdırma işləri həyata keçirməyə. Amma görəndə ki, təpki var, geri çəkildilər. Ona görə də bu məsələlərə səbrlə yanaşmaq lazımdır”.
E.Musayev rəsmi etirazın olmasının çox vacib olduğunu vurğulayıb:

“Rusiya guya MDB məkanında təsir dairəsinin olduğunu göstərməyə çalışır. Ona görə də gah “Dağlıq Qarabağ” adını çəkir, gah Azərbaycan abidələrini erməni abidəsi adlandırır və s. Təbii ki, bunlar qıcıq doğuran məsələlərdir. Hesab edirəm ki, belə məsələlərdə daha təmkinli olmalıyıq, amma rus sülhməramlıların qeyri-qanuni hərəkətlərinə dayanmadan rəsmi etirazımızı bildirməliyik. Rəsmi dövlət səviyyəsində, Xarici İşlər Nazirliyi səviyyəsində etiraz olmalıdır. Təəssüf ki, bizdə bu məsələdə zəiflik var. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi bu məsələdə daha qətiyyətli olmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


