Prezident İlham Əliyevin Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşünün nəticələrini Azərbaycan üçün, bütövlükdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına kömək baxımından önəmli saymaq olar. Görüşdən sonra Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatındakı ayrı-ayrı məqamlar da bunu təsdiqləyir.
Sənədin ümumi mahiyyəti onu göstərir ki, Şarl Mişelin təşəbbüsü sayəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi arxa plana keçməyib və davam etdirilir. Bu gündəlikdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım kimi məsələlər ön planda dayanır.
Bundan başqa, bəyanat bəzilərinin prosesdə yenidən ATƏT-in Minsk Qrupunun aktiv iştirakı kimi arzularına yer saxlamır. Birincisi, sənəddə Minsk Qrupuna hər hansı bir istinad yoxdur. Bu, tərəflər arasında Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə tam uyğundur və həmin görüşlərlə bağlı qəbul olunan sənədlərdə də Minsk Qrupuna istinad mövcud deyil. İkincisi, diqqət etmək lazımdır ki, Fransa bu prosesdə heç də həmsədr ölkə kimi iştirak etmir. O, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi bu formata qatılıb.
Xüsusu vurğulanmalı digər məqam odur ki, bəyanat rəsmi Bakının Dağlıq Qarabağ adlı münaqişənin bitməsi ilə bağlı mövqeyini daha da qüvvətləndirir və bunu təsdiq edir. Çünki sənəddə Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə, ümumiyyətlə yer almayıb. Bu, Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti təsdiqidir.
Başqa diqqəti cəlb edən bir məqam Fransanın mövqeyinin dəyişməsi ilə bağlıdır. Məlumdur ki, Fransa 44 günlük Vətən müharibəsində və ondan sonrakı proseslərdə bütün diplomatik çərçivələri aşaraq açıq ermənipərəst mövqe sərgiləyirdi, hətta bu mövqeyində ifrata varırdı.
Son vaxtlar isə Fransanın mövqeyində dəyişikliyin şahidiyik. Özünün ermənipərəst bəyanatlarını arxa plana keçirən Fransanın mövcud reallığı qəbul etməyə başladığı görünməkdədir. Fransa həm də Azərbaycanla təzyiq dilində danışmağın nəticəsiz olduğunu anlayıb və rəsmi Bakı ilə münasibətlərin normal şəkildə qurulmasının əhəmiyyətini dərk edib. Fransanın indiki mövqeyi proseslərə daha düzgün yanaşmanı özündə ehtiva etməklə yanaşı, nüfuzunun Cənubi Qafqazda qorunmasına, eyni zamanda Azərbaycanla münasibətlərin inkişafına xidmət edir. Bunun əksi olan qatı ermənipərəst siyasət davam etsəydi bu, Azərbaycan kimi önəmi daha da artan ölkəni tamamilə itirməklə nəticələnə bilərdi. Bu siyasətin həm də regiondakı reallığı dəyişmək gücündə olmadığını anlayan Fransanın indiki duruşu qənağətbəxş olmaqla, sülh prosesinə mühüm töhfə verə bilər.
Bu baxımdan Brüssel sülh gündəliyinin davamı olan bu görüşün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına təsiri olacağını proqnozlaşdırmaq mümkündür. Avropa İttifaqının, xüsusilə Fransanın Ermənistana təsir imkanları kifayət qədərdir. Nəzərə alsaq ki, Fransa indi regiondakı reallığı qəbul edən mövqedə dayanmağa başlayıb, bu, sülh prosesi ilə bağlı danışıqları daha da irəli daşıya bilər.
Aparılmış müzakirələrdə toxunulan məsələlər də sırf münasibətlərin normallaşdırılmasına xidmət edən istiqamətləri əhatə edib. Azərbaycan və Ermənistan arasında humanitar məsələlər, etimad quruculuğu, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması, Azərbaycanın üzləşdiyi mina problemi də diqqət mərkəzində olub. Müzakirələr zamanı UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılıq da ifadə edilib.
Prezident Əliyevlə Paşinyanın Makronun vasitəçiliyi ilə keçirilən görüşündə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi ilə bağlı razılıq əldə olunub. Bu, rəsmi Bakının UNESCO-nun bu missiyaya başlaması ilə bağlı davamlı mövqeyinin həyata vəsiqə qazanması baxımından mühüm anlaşmadır.
Prezident İlham Əliyevin müzakirə olunan məsələlər barədə çıxışı Azərbaycanın mövqeyinin dəyişmədiyini bir daha ortaya qoyur. Prezident Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət çəkib. Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini önə çəkən Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Beləliklə, format və aparılan müzakirələr baxımından önəmli olan görüşün nəticələri Azərbaycanın postmüharibə dövründə tutduğu mövqeyinin Ermənistanın yaxın müttəfiqi Fransa tərəfindən də qəbul olunduğunu sübut edir. Avropa İttifaqı kimi nüfuzlu qurumun da Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirməsi ölkəmizin diplomatik uğuru olmaqla bərabər, postmüharibə dövrünə aid prosesin irəliləməsi baxımından mühümdür.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


