Gündəm

Politoloq: “Makron İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib”

Politoloq: “Makron İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib”

“Son hadisələr onu göstərir ki, hətta Fransa prezidenti Emmanuel Makron belə məhz Azərbaycan lideri İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Makron bundan əvvəlki çıxışlarını unudaraq regionda Paris üçün göstərilən yol çərçivəsində hərəkət etməkdədir:

“Emmanuel Makronun təşəbbüsü ilə baş tutan dialoq zamanı bir daha Azərbaycanın maraqları nəzərə alındı, Ermənistan XİN rəhbəri və digər siyasətçilərin qaldırdıqları “status” məsələsi gündəmə salınmadı, problem və münaqişə kimi terminlərdən istifadə edilmədi. O Makron, hansı ki, münaqişə, status və Dağlıq Qarabağ ifadələrini bəzi hallarda Nikol Paşinyandan daha çox istifadə edərdi. 4 fevral görüşündə Brüsseldə əldə olunan razılıqlara istinad edilərək davamlılığın önəmli olmasına toxunuldu. Xatırladım ki, Brüssel görüşü zamanı postmüharibə dövründə ilk dəfə olaraq Qərb de-yüre Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağın Azərbaycanın tərkibinə güc yolu ilə qaytarılması faktlarını qəbul etdi. Eyni zamanda, həmin vaxt ilk dəfə olaraq azərbaycanlı itkin düşmüşlərin müqəddaratı Ermənistan qarşısında qaldırılmışdı. Brüssel görüşündə Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi Aİ və Fransanın rəsmi Bakının ortaya qoyduğu şərtləri qəbul etməsi demək idi”. Politoloq qeyd edib ki, Ukrayna böhranı fonunda fransalı siyasətçilər də daxil olmaqla Avropa İttifaqının nümayəndələrinin Azərbaycanın qapısında duraraq enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmələri yaxın 20 il ərzində ölkəmiz və qoca qitə arasında yeni enerji və nəqliyyat layihələrinin perspektivliyindən xəbər verir: “Eyni zamanda, dünən Avropa İttifaqının Azərbaycana 150 milyon deyil, prezident İlham Əliyevin tələbinə uyğun olaraq 2 milyard avro verəcəyini bildirməsi Ermənistanda böyük məyusluqla qarşılandı. Sössüz ki, Azərbaycanın artan geosiyasi və geoiqtisadi çəkisi Bakının Brüssel, Vaşinqton və Moskva arasında Qarabağ mövzusunda istəyinə daha əminliklə çatacağından xəbər verir. Təsadüfi deyil ki, son günlərdə həm Rusiya, həm də xüsusiylə Aİ tərəfindən Azərbaycana maraqlı təkliflər gəlməkdədir. Dünən baş tutan görüş zamanı Ermənistanın danışıqlar masasına gətirmək istədiyi mövzuların bir daha rədd edilməsi yeni danışıqlar formatının nədən ibarət olacağının göstəricisidir”.

“Görüşlə bağlı Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatlarında Qarabağ terminindən istifadə edilmədi, əvəzində “Zəngəzur”, “dəhliz”, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ifadələrinə yer verildi. Hər iki siyasətçi Azərbaycanın Üçtərəfli Bəyanatdan sonra regionun nizamlanması ilə bağlı ortaya qoyduğu “yol xəritəsi”nə uyğun addım ataraq qıcıq doğuracaq terminləri növbəti dəfə “unutmuş” oldular. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında müzakirə ediləcək mövzular sırasında Qarabağ yoxdur, Xankəndi, Ağdərə və rus sülhməramlılarının müvəqqəti nəzarətindəki rayonlarla bağlı məsələ ölkəmizin daxili işidir”- deyə, politoloq vurğulayıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az