Gündəm

“İlham Əliyev bir daha Azərbaycan gəncliyinə bu mesajı verməklə...” — Deputat

“İlham Əliyev bir daha Azərbaycan gəncliyinə bu mesajı verməklə...” — Deputat

“Cənab Prezident 2 Fevral - Gənclər Günü ilə əlaqədar keçirilən Forumda iştirak etdi və gənclərimizi düşündürən bir çox suallara aydınlıq gətirdi. Əvvəlcə onu qeyd edim ki, gənclərlə bağlı forumda növbəti dəfə Azərbaycan gəncliyinin keçdiyi uğurlu yoldan, o cümlədən cənab İlham Əliyev tərəfindən onlara yaradılan şəraitdən, qarşıda duran vəzifələrdən geniş söhbətlər açıldı, müzakirələr aparıldı. Eyni zamanda Azərbaycan gəncliyinin qarşısında duran yeni hədəflərdən danışıldı”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, forumda gənclərə edilən mənfi, kənar təsirlərdən də söhbət açıldı:

“Əlbəttə ki, cənab Prezident bu məsələyə toxunarkən, bir daha ərəb ölkələrində baş verən kənar, mənfi təsirlərin ölkəni hansı vəziyyətlərə gətirib çıxartdığını diqqətə çatdırdı. O, vurğuladı ki, postsovet məkanında və digər yerlərdə eyni ssenari və eyni mərkəzlər tərəfindən yaradılmış xaos gəncləri bir alətə çevirərək, bu çevirilişləri, rəngli inqilabları və digər qarşıdurmaları yaratmışdılar. Qeyd edim ki, ölkəmiz 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. İndi belə kənar, mənfi təsirlərin sayı da çoxala bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi xarici təsirlərin vasitəsilə həyata keçirənlər və sapı özümüzdən olan baltaların da xəyanət yolu tutduğundan istifadə edirlər. Onlar hər hansısa xırda, məişət problemlərini qabardaraq, şişərdərək, qarayaxma və böhtan kampaniyası apararaq, xüsusən, gənclərin beyinlərini yumaqla, onlara mənfi təsir göstərməklə, məhz belə addımları atmaq niyyətində olurlar. Cənab Prezident gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyyələrini verdi”.

Millət vəkili vurğulayıb ki, biz indi daha güclü, qüdrətli, mətin olmalıyıq:

“Daha böyük birlik nümayiş etdirməliyik, xüsusən də, bu sahədə gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlar daha qüdrətli Azərbaycan qurmaq naminə, bundan sonra da cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və kənar, mənfi təsirlərdən ölkəmizi qorumalıdırlar. Bu baxımdan da cənab İlham Əliyev bir daha Azərbaycan gəncliyinə bu mesajı verməklə, daha təsirli vətənə bağlı olmaları üçün çağırdı və Azərbaycanı qorumaq, inkişaf etdirmək üçün onlara yaradılan şəraitdən maksimum istifadə etməli olduğumuzu qeyd etdi. Daha güclü, qüdrətli Azərbaycan qurmaq naminə bir daha qeyd edirəm ki, biz öz siyasi liderimiz, prezident cənab İlham Əliyevin ətrafında daha sıx, mütəşəkkil şəkildə birləşməliyik”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az