"Cənab Prezident 2 Fevral - Gənclər Günü ilə əlaqədar keçirilən Forumda iştirak etdi və gənclərimizi düşündürən bir çox suallara aydınlıq gətirdi. Əvvəlcə onu qeyd edim ki, ölkə başçımızın prezidentliyi dövründə ölkəmizdə vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcək gənc nəsil yetişib. Məhz öz canını vətən yolunda qurban verməyə hazır olan gənclərimiz sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub və hər bir azərbaycanlının başı uca edilib".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda gənclər daim dövlət qayğısı ilə əhatə olunub: "Ünvanlanan sualların əksəriyyətinə fikir versək görərik ki, ölkəmizin gələcəyinin daha parlaq olması üçün cənab Prezidentdən tövsiyələrin eşidilməsi və gələcək fəaliyyətləri üçün istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Cənab Prezident gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyyələrini verdi. Məsələn, qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu, xaricdə təhsillə və indiki zamanda yüksək təhsil almış mütəxəsisslərin ölkəyə qayıtmasının vacibliyini, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərinin qurulması, ermənilərin dağıtdığı əraziləri təsviri incəsənt vasitəsilə tarixə yazılmasını, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər gənclərimizi maraqlandırırdı. Prezident İlham Əliyevin gənclərlə görüşü 3 saata qədər davam etdi və çox maraqlı keçdi. Düşünürəm ki, gənclərimiz bu görüşdən çox razı qaldılar və nəticədə gələcəkdə öz fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində yol xəritəsini əldə etmiş oldular".
Demokrat.az


