Yevlax rayonunda 1999-cu il təvəllüdlü Rahib şəxsi münasibətlər zəminində bacısının əri Ruslana xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rahibin bacısı əri Ruslandan ndən küsərək atasının evinə gəlib. Ruslan 22 aprel 2021-ci ildə arvadını aparaq üçün qayınatasının evinə gəlib.
Bu zaman arvadı Ruslanla getmək istəməyib və buna görə də Rahib ilə Ruslanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Rahib Ruslanı bıçaqla vuraraq xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacısı Aytəkin Yevlax şəhər sakini Ruslan ilə ailə həyatı qurub: “Əvvəllər Ruslanın Aytəkinə qarşı münasibəti yaxşı olsa da, son vaxtlar münasibətləri pisləşib. Ruslan heç bir səbəb olmadan Aytəkinlə mübahisə edib, onu döyüb. Bu səbəbdən Aytəkin dəfələrlə yaşadığım evə gəlib, bizimlə birlikdə qalıb”.
Rahibin sözlərinə görə, aprelin 22-də, saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən Aytəkin ağlaya-ağlaya onun yaşadığı evə gəlib: “Yenə də Ruslan tərəfindən döyüldüyünü və yaşadığı evdən qovduğunu bildirdi. Həmin gün saat 22 radələrində Ruslan yaşadığım evə gələrək məni çağırdı. Evdən həyətə çıxarkən Ruslanın əlində bir ədəd dəmir boru parçası olduğunu gördüm. Ruslan mənə Aytəkini aparmağa gəldiyini dedi. Həmin vaxt Aytəkin və ailə üzvlərim də evdən həyətə çıxdılar. Ruslandan nə səbəbə Aytəkini döyüb, evdən qovduğunu soruşdum. Ruslan “yaxşı at özünə qamçı vurdurmaz” dedi. Həmin sözlərə görə, ona öz iradımı bildirdim. Ruslan ailə üzvlərimin yanında mənə nalayiq söyüşlər söydü. Əlindəki dəmir boru parçası ilə başımdan və belimdən bir neçə dəfə vurdu. Dəmir boru parçasını Ruslanın əlindən aldım, kənara atsam da, Ruslan həmin dəmir boru parçasını götürdü, yenidən məni vurdu. O, yenə də nalayiq söyüşlər söydü. Sonra Ruslan şalvarından bir ədəd bıçaq çıxardı, hücum etdi. Oradan qaçaraq həyətdəki mətbəx bıçağını əlimə götürdüm. Həyətdən küçəyə çıxarkən Ruslan arxamca gəldi. Sonra mənə çataraq bıçaqla zərbələr endirsə də, bıçaq zərbələri mənə dəymədi. Həmin vaxt əlimdəki bıçaqla Ruslanın boyun nahiyyəsindən bir dəfə və bel nahiyyəsindən bir dəfə zərbə endirdim., Ruslan boyun və bel nahiyyəsindən xəsarət aldı, yerə yıxıldı. Ailə üzvlərim onu yaşadığımız evə apardı. Sonradan Ruslanın Yevlax şəhər mərkəzi xəstəxanasına aparıldı. Həkimlərin Ruslana tibbi yardım göstərdiyini bildim”.
Rahib ifadəsinin sonunda qeyd edib ki, zərəçəkmiş şəxslə barışıb, törətdiyi əməldən peşmandır.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ruslanın sözlərinə görə, aprelin 22-də, saat 16 radələrində Aytəkin anası Leylaya məxsus paltarları yumaq üçün onun yaşadığı evə getmək istədiyini deyib: “Aytəkinin getməsinə etiraz etmədim. Aytəkin azyaşlı qızım ilə birlikdə anası Leylanın yaşadığı evə getdi. Saat 21 radələrində Aytəkinin evə qayıtmadığını gördüm. Aytəkini və qızımı gətirmək üçün piyada Əbülfəzin yaşadığı evə getdim. Əbülfəz ailə üzvləri ilə birlikdə yaşadığı evdə olub. Həmin vaxt Aytəkinə evə getməsini dedim. Əbülfəz Aytəkinin mənimlə getməsinə icazə vermədi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, bunun üstündə Əbülfəzlə mübahisə edib: “Əbülfəzin oğlu Rahib, arvadı Leyla və digər ailə üzvləri üstümə gəldi, mənə nalayiq söyüşlər söydülər. Mən də Əbülfəz və ailə üzvlərinə söyüş söydüm. Bundan sonra Rahib məni evin arxa tərəfində yerləşən küçəyə apardı. Orada Rahib mənimlə mübahisə etdi, nalayiq söyüşlər söydü. Mən də Rahibə söydüm. Yumruqla Rahibin başından və kürəyindən bir neçə dəfə vurdum. Həmin vaxt Rahib əli ilə həyətdən hansısa bir əşya götürdü, boynumun ön tərəfindən bir dəfə zərbə endirdi. Bundan sonra boğazımın aşağı hissəsinin kəsildiyini və həmin nahiyədən qan axdığını gördüm. Qan itirdiyim üçün başım fırlandı və yerə yıxıldım. Huşumu itirdiyim üçün sonra baş verənləri xatırlamıram. Ayıldıqda Yevlax şəhər mərkəzi xəstəxanasında olduğumu, həkimlərin mənə tibbi yardım etdiyini gördüm”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rahib 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


