Sosial

Abşeron sakinləri sevinir: Abdin Fərzəliyev başçı təyin olunandan sonra nələr edib?

Abşeron sakinləri sevinir: Abdin Fərzəliyev başçı təyin olunandan sonra nələr edib?

“Abdin müəllimin bizim rayonun rəhbərliyindən getməsi bizim üçün gözlənilməz oldu. Çünki uzun illərdir rayona rəhbərlik edən Abdin müəllim bizdən biri idi. Rayon sakinlərinin fərdi problemlərindən tutmuş, rayondakı ümumi məsələlərə qədər hər şeyi diqqətdə saxlayırdı. Nə vaxt istəsək qəbuluna düşə bilirdik və bizimlə bir başçı, məmur kimi yox, rayon sakini, bizdən biri kimi danışır, problemləri dinləyir və həll edirdi. Açığı, onun başqa rayona başçı göndərilməsi bizi kədərləndirdi”.

Nərimanov rayonunun sakini Firudun Həmzəyev bizimlə söhbətində belə deyir və Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçı təyin edilməsindən yaxşı mənada kədərləndirir. Rayon sakini bu münasibətlə abşeronluları da təbrik edir.

Abdin Fərzəliyev 90-cı illərdən ictimai-siyasi həyatın içində olub. Yeni Azərbaycan Partiyasının ən fəal funksionerlərindən biri kimi tanınıb, o cümlədən idmanın inkişafı ilə bağlı ona həvalə edilən işi layiqincə yerinə yetirib. 2003-cü ildə Prezidentin sərəncamı ilə Nizamı rayonuna rəhbər təyin edilib. Bu rayonda həllini gözləyən bir çox problemi kökündən həll edib, abadlıq-quruculuq işindən tutmuş sakinlərin rifahına qədər hər sahədə özünəməxsus iz buraxıb. Təsadüfi deyil ki, iki il sonra 2005-ci ildə Prezidentin sərəncamı ilə Nərimanov rayonuna başçı təyin edilib. Bu təyinatda onun Nizami rayonunda gördüyü işlərin rolu çox olub, belə demək mümkünsə, ölkənin ali rəhbərliyi Nərimanov kimi böyük rayonu ona məhz fəaliyyətinə görə həvalə edib.

Abşeron sakinləri sevinir: Abdin Fərzəliyev başçı təyin olunandan sonra nələr edib?
2022-ci ilə qədər, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan qədər Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyev rayon sakinləri tərəfindən sevilən məmurlardan olub. Rayon sakinləri ilə söhbətimizdə, eləcə də indiyə qədər mediada yayılan pozitiv xarakterli materialların üstünlük təşkil etməsi bunu bir daha təsdiqləyir.

Nərimanov rayonu şəhərin ən sıx yaşayış olan ərazilərindəndir. Təbii ki, insanların daha çox yaşadığı rayonu idarə etmək o qədər də asan məsələ deyil. Xüsusilə, rayon ərazisində müxtəlif təbəqədən olan insanların yaşaması, müxtəlif dövlət qurumlarının, eləcə də dövlət orqanlarının filiallarının çoxluğu idarəçiliyin həssaslığını daha da artırır. Belə bir əraziyə 17 il rəhbərlik etmək və heç bir ciddi problemin olmamasını təmin etmək böyük idarəçilik qabiliyyəti tələb edən amildir. Abdin Fərzəliyev Nərimanov rayonuna rəhbərlik etdiyi 17 il ərzində nə qədər peşəkar idarəçi olduğunu sübut edib.

İstər rayonun abadlıq-quruculuq işləri, istərsə də sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Bunu təkcə İcra Hakimiyyətinin hər il verdiyi hesabatlarında yox, insanların arasında söhbət zamanı da müşahidə etmək olur.

Abdin Fərzəliyevin tərcümeyi-halına nəzər yetirdikdə, onun Nərimanov rayonu kimi ərazini 17 il problemsiz idarə etməsi, rayonu inkişaf etdirərək, paytaxtın müasir simasına uyğunlaşdırması və ən əsas sakinlərin onu niyə bu qədər sevməsini anlamaq mümkündür.

A.Fərzəliyev gənc yaşlarında fabrikdə fəhlə də işləyib, qəzetdə müxbir də. Yüksək təhsilli məmurlardandır, o cümlədən, karyerası boyunca müxtəlif vəzifələrdə pillə-pillə yüksəlib. Bütün bunlar zəhmət tələb edən məsələdir və A.Fərzəliyev məhz hazırkı mövqeyə zəhmətlə gəldiyindən sadə vətəndaşın problemini də yaxşı anlayır, idarəçiliyi də peşəkar şəkildə həyata keçirir.

Nərimanov rayonunun dəyişən siması, rayonda sosial-iqtisadi rifahın yüksək olması bunun bariz nümunəsidir. Adıçəkilən rayonun paytaxtın əhali sayına görə ən sıx rayonlarından biri olması da A.Fərzəliyevin bu rayona rəhbərliyi dövründə nə qədər peşəkar idarəçi olduğunu təsdiqləyir. Çünki insanlar yaşamaq üçün həmişə rahat, təhlükəsiz, infrastruktur və nəqliyyatın yüksək səviyyədə olduğu ərazilərə üstünlük verirlər.

Bu mənada Firudun Həmzəyev və digər rayon sakinlərinin Abdin Fərzəliyevin başqa rayona rəhbər təyin edilməsinə görə kədərlənməsi təsadüfi deyil.

Prezident İlham Əliyevin 19 yanvar 2022-ci il sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Abdin Fərzəliyev rayona gəldiyi 10 gün ərzində ciddi fəaliyyətə başlayıb. Təyinatından bir gün sonra yeni başçı 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi, öz ehtiramını bildirdi. Daha sonra rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirdi.

“Görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən iclasda yeni başçı rayon ərazisində bir sıra çatışmazlıqları sadalayıb, kənd və qəsəbələrdə məişət tullantılarının ərazidən uzaqlaşdırılmasında, daxili küçələrin düzəldilməsində və abadlıq işlərinin aparılmasında ciddi problemlərin olduğunu bildirib.

Başçı inzibati ərazi dairəsi üzrə nümayəndələrə 15 gün müddətində işlərində dönüş yaratmağı, kənd və qəsəbələrdə olan problemləri aradan qaldırmağı tapşırıb.

Artıq başçı A.Fərzəliyevin tapşırıqlarının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanıb.

Rayon sakini Aydın Əliyev deyir ki, onun yaşadığı ərazinin daxili yollarında problemlər var idi: “Artıq abadlıq-quruculuq işlərinə başlanılıb. Bununla yanaşı, məhəllə yolları yenidən qurulur, həyətlər abadlaşdırılır. Abdin müəllimin Nərimanov rayonuna rəhbərliyi dövründə böyük işlər gördüyünü mediadan oxumuşam. Biz sevinirik ki, rayonumuza belə başçı təyin olunub. Yeni başçı gələn kimi verdiyi tapşırıqlar, gördüyü işlər də sevincimizdə haqlı olduğunu sübut edir”.

Abdin Fərzəliyevin əsas diqqət yetirdiyi şəxslər şəhid ailələri və qazilərimizdir.

RİH başçısı iclasda bu məsələyə xüsusi toxunub və bildirib ki, Abşeron rayonunda yaşayan şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı daha da artırılmalı, müharibənin ağrı-acılarını yaşayanlar bu diqqəti təkcə bayramlarda deyil, gündəlik həyatlarında da hiss etməlidirlər.

İclasdan dərhal sonra icra başçısının özü şəhid ailələri və qazilərə qayğının artırılması istiqamətində fəaliyyətə başlayıb.

Heydər Əliyev Mərkəzində Prezidentin müvafiq Sərəncamlarına əsasən müxtəlif orden medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. Mərasim şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutub. Daha sonra icra başçısı ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib. Ardınca şəhid ailələrini evlərində ziyarət edib, ailə üzvlərinin problemləri ilə maraqlanıb və müvafiq göstərişlər verib.

Abdin Fərzəliyev II Fəxri Xiyabanda dəfn olunan Abşeron rayonunun şəhidlərin məzarlarını, daha sonra isə rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib. Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanıb. RİH başçısı Hökməli və Qobu məscidlərinə baş çəkib, şəhidlərin ruhuna dualar oxunub, qəsəbə ağsaqqalları ilə görüşərək vəziyyətlə maraqlanıb, onların arzu və istəklərini dinləyibdir.

Daha sonra RİH başçısı şəhid Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Tofiq Əhmədovun doğum günündə iştirak edib. Şəhid övladını 15 yaşı münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanaraq, rayonun bütün şəhid ailələrinə olduğu kimi, onların ailəsinə də hər cür lazımi dəstəyin bundan sonra da göstəriləcəyini qeyd edibdir.

Bütün bunlar Abdin Fərzəliyevin təkcə bir iş günündə həyata keçirdiyi işlər, rayon sakinlərinə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır.

RİH başçısı növbəti iş günündə Masazır, Novxanı və Saray qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb, problemlərini dinləyib və müvafiq tapşırıqlar verib.

Abdin Fərzəliyevin Abşeron rayonuna başçı təyin olunmasından cəmi 10 gün keçməsinə baxmayaraq, artıq ciddi addımları, xüsusilə, şəhid ailələri və qazilərə diqqətin artırılması ilə yadda qalıb.

Masazır qəsəbə sakini Elgün Vəliyev deyir ki, yeni başçını hər gün rayonun küçələrində, müxtəlif qəsəbələrində görə bilirlər: “Tez-tez müxtəlif yerlərə baş çəkir, tapşırıqlar verir, hətta bəzən yolda dayanaraq, sakinlərlə söhbət edir, problemləri dinləyir və yerindəcə həlli ilə bağlı göstəriş verir. Xüsusilə, şəhid ailələri və qazilərə göstərdiyi diqqət hamımızın könlünü xoş edir. Biz çox sevinirik ki, rayonumuza belə bir icra başçısı təyin olunub”.

Bu sevinc, insanların hörməti və razılığı təbii ki, əməli işlə bağlıdır. Abdin Fərzəliyev Nərimanov rayonunda həyata keçirdiyi işləri Abşeron rayonunda da tətbiq edəcək. Artıq rayon sakinləri bunun əyani şahidi olurlar.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az