"Baş vermiş hadisə təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün böyük zərbə oldu”

GÜNDƏM 06 yan 2022, 21:20
“Qardaş Qazaxıstanda baş verən son olaylar məni çox üzür və bundan təəssüf hissi keçirirəm. Əslində çox böyük zəhmət və əziyyət hesabına Nursultan Nazarbayevin yaratmış olduğu müstəqil Qazaxıstan dövlətinə çox ciddi və ağır zərbələr vuruldu. Bu zərbələrin vurulmasında Qazaxıstanın indiki prezidenti Qasım-Jomart Tokayevin müstəsna xidmətləri və rolu var. Heç şübhəsiz ki, o, əvvəlcədən hazırlanmış ssenariyə görə süni şəkildə qazın qiymətini qaldırdı, sonra özünə sadiq olan qüvvələri hərəkətə keçirdi, dərhal sonra hökuməti istefaya göndərdi və qazın qiymətini xeyli dərəcədə aşağı endirdi, sosial paketin hazırlanmasıyla bağlı vədlər verdi. Ən başlıcası isə Qazaxıstanın el atası, türk dünyasının dəyərli liderlərindən olan Nursultan Nazarbayevi qeyri-qanuni vəzifədən uzaqlaşdırdı”.
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Qazaxıstandakı hadisələri şərh edərkən deyib. F.Ağamalı baş verənlərin türk dünyası üçün böyük zərbə olduğunu bildirib:
 
“Çünki Nazarbayev Qazaxıstanın qanunlarına görə ömrünün sonuna qədər Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsini daşıyırdı və ölkənin hüquq-mühafizə orqanları da Nazarbayevin səlahiyyətində idi. Faktiki olaraq Tokayev dövlət çevrilişi elədi, Nazarbayev kimi dövlət adamını hörmətsiz bir şəkildə gündəmə gətirdi, onun heykəlinin uçurulmasına, adının hər yerdən çıxarılmasına qədər addım atdı. Təbii ki, bu ssenarinin tərkib hissələrindən biri də ona tabe olmayan, daha çox Nazarbayevin şəxsiyyətinə rəğbət bəsləyən və onu lazımi səviyyədə qiymətləndirən hüquq-mühafizə orqanlarının bu mövqeni tutması Toqayevin planının ikinci bəndini işə saldıra bildi. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək onun dediyi dillə desək, terrorçuları neytrallaşdırmaq üçün həmin qüvvələri sülhməramlı adı altında ölkəyə dəvət etdi.  Yəni o gəlib insanlara atəş açmayacaq, insanları sakitləşdirəcək ki, heç kim bir-birilərinə atəş açmasın. Bu gün Tokayevin adamlarının binaların dağıdılmasına imkan verməyəcək. Hansı ki, dağıdılan obyektlər də insanların özü üçün yaşamaq mənbəyi idi. 
 
Dövlət Təhlükəsizlik Komitəsi sədrinin dərhal vəzifədən uzaqlaşdırılması da təsadüfi deyil. Nəhayət Tokayev öz hakimiyyətini möhkəmləndirmək və Rusiyanın orda möhkəmlənməsini və söz sahibi olmasını təmin etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da Qazaxıstandakı hadisələri yatırmaq üçün dəvət etdi. Beləliklə, Tokayev Rusiyayla bərabər, Qazaxıstanın müstəqilliyinə və dövlətçiliyinə olduqca, ağır və sarsıdıcı zərbələr vurdu. Digər tərəfdən bu həm də yenicə meydana gələn türk dövlətləri təşkilatına da ciddi zərbə oldu. Çünki Qazaxıstan Nazarbayevin rəhbərliyi altında bu təşkilatın yaradılmasında çox böyük fədakarlıq və əmək sərf etmişdi. Bunun prespektivi isə gələcəkdə böyük türk dövlətlərinin ittifaqına gətirib çıxarmalı idi. Bu layihənin də qarşısını almaq üçün Rusiya Tokayevin bu cür davranışlarından istifadə etməyi bacardı və beləliklə, Qazaxıstanda ciddi problemlər yarandı. Ancaq mən belə güman edirəm ki, Qazaxıstanda bu proseslər çox uzun sürən bir vəziyyət alacaq. Nazarbayev Qazaxıstanda kifayət qədər nüfuz sahibidir, müasir Qazaxıstan dövlətinin banisi, memarı kimi qazax milləti onu çox sevir və hətta deyərdim ki, ola bilsin yaxın dövrdə Tokayevə qarşı əks-proseslər başlasın. Nazarbayevin mövqeyindən isə çox şey asılıdır. Əgər o, Təhlükəsizlik Şurasının sədri kimi özü yazılı şəkildə və ya hansısa formada istefa verdiyini etiraf etməsə, onda bu faktiki olaraq dövlət çevrilişi anlamına gəlir. Bu dövlət çevrilişi isə Nazarbayevin yetişdirdiyi, formalaşdırdığı milli dəyərlərə qayıdan və ona söykənən qazaxları heç də rahat buraxmayacaq. Ola bilsin ki, bunun 2-ci, 3-cü dalğası oldu. Hadisələrin gedişini gözləyək, hər halda baş vermiş hadisə təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün böyük zərbə oldu”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top