“Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə öncədən tabe olmalı idi”

SOSİAL 24 dek 2021, 19:49
“Bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyev təhsillə bağlı çox mühüm və vacib sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, dövlət uşaq bağçaları yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verildi. Cəmiyyətdə daha çox məktəbəqədər təhsil müəsisssələrinə uşaq bağçası kimi baxılaraq, bura uşağın sosiallaşması məkanı kimi qəbul edilir. Amma onu da qeyd etmək lazımdır ki, məktəbəqədər təhsilin funksiyası və məqsədi daha genişdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. Deputat qeyd edib ki, məktəbəqədər təhsil müəsissələri ilə bağlı verilən qərara strateji və uzun müddətli prizmadan baxmalıyıq: “Düzdür, əgər biz təhsil sahəsində hər hansısa bir problemlə bağlı daha çox Təhsil Nazirliyinin qapısını döyürüksə, o zaman sual yaranır ki, məktəbəqədər təhsil müəssisəsi də təhsil sisteminin bir parçası olaraq niyə bu qurumlara Təhsil Nazirliyi cavabdeh olmasın? Bu sərəncamla artıq buna düzəliş olundu. Sözsüz ki, icra hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəsissələrinə dair müxtəlif yanaşmalar ola bilər. Burada icra hakimiyyətləri və Təhsil Nazirliyi arasında müxtəlif müqayisələri aparmağa da dəyməz. Burada vacib məsələ ondadır ki, məktəbəqədər təhsil müəssisələri məhz Təhsil Nazirliyinə öncədən tabe olmalı idi. Sadəcə bu sərəncamla dəyişiklik edildi”.

Millət vəkili qeyd edib ki, məktəbəqədər təhsil uşaqlar üçün önəmi çox böyükdür: “Hesab edirəm ki, məktəbəqədər təhsil çox əhəmiyyətlidir və buna xüsusi önəm verilməlidir. Bu mərhələdə hər bir valideyn də uşağının fiziki və mənəvi inkişafına önəm verməlidir. Təbii ki, məktəbəqədər təhsil müəssisəsi də məhz ailəyə və uşağın inkişafına dəstək verməkdir. Bu qanunun əhəmiyyəti sözsüz ki, uzunmüddətlidir. Təbii ki, biz bunun nəticələrini bir müddət keçəndən sonra görəcəyik”. Şahid Seyidzadə tələbələrin təqaüdlərinin dəyişilməsi ilə bağlı da fikirlərini bölüşüb: “Təqaüdlərin artırılması ölkəmizdə daim baş verir və biz bunu bir neçə dəfə müşahidə etmişik. Təqaüdlərin artırılması bu gün həyatımızın reallığını əks etdirir. Çünki təqaüdlərin artırılması ümumi fonda minimum maaşın artırılmasından irəli gəlir. Bu bir tərəfdən sosial siyasətdən irəli gələrək, təhsil alanlara dəstək verilməsi, digər tərəfdən tələbələrin özlərinin stimullaşdırmasına və tələbələr arasında müvafiq rəqabətin artırılmasına təsir edir. Hesab edirəm ki, bu, çox vacib qərardır.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top