“Azərbaycan diasporunun lobbiçilik istiqamətində görəcəyi işlər çoxdur” — AAK sədri ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 21 dek 2021, 11:32
Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Demokrat.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sahil müəllim, bu yaxınlarda Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak etdiniz. Görüşlə bağlı təəssüratlarınız necədir?

- İlk olaraq, Avropa Azərbaycanlıları Konqresi adından sizi salamlayıram. Bildiyiniz kimi, keçən həftə AAK rəsmi ofisi Kiyevdə yerləşən Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresi ilə birlikdə “Ərazi bütövlüyü sabitliyin və təhlükəsizliyin əsasıdır” adlı beynəlxalq konfrans təşkil etmişdir. Konfransda Ukrayna Radasının üzvləri, politoloqlar, hərbi ekspertlər, beynəlxalq jurnalistlər, Avropa Azərbaycanlılar Konqresinin müxtəlif Avropa ölkələrində fəaliyyət göstərən təşkilat rəhbərləri, diplomatlar iştirak etdilər. Qeyd edim ki, Beynəlxalq Konfrans yüksək səviyyədə təşkil olundu və öz işini müvəffəqiyyətlə başa vurdu.

- Konfransda ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan təcrübəsinin müzakirə olunmasını necə dəyərləndirdiniz?

- Konfransda əsasən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin təcrübəsi müzakirə edildi. Azərbaycanın işğalçı Ermənistanı 28 il sürmüş işğalından sonra Qarabağ ərazisindən qovub çıxarılmasının əsas səbəbləri araşdırıldı.

- Konfransda əsasən hansı təkliflər səsləndirildi? Sizin təklifləriniz nədən ibarət idi? 

- Kiyev konfransında iştirakçılar tərəfindən bir çox təkliflər səsləndirildi. Mən öz çıxışımda Avropadakı Ukrayna diasporunun fəaliyyətinin aktivləşdirilməsi, lobbiçilik istiqamətində müəyyən addımların atılması təklifini irəli sürdüm. Belçikada ukraynalıların kompakt yaşadığı ərazilər mövcuddur və bu ukraynalılar icması keçən əsrdən burada məskunlaşmışlar. Bu icmaların Ukraynaya dəstək vermələri lazımdır. Bu qəbildən olan Ukrayna diasporası Kanada və digər Qərb dövlətlərində də mövcuddur.

- Gələn ilin fevralında Brüsseldə keçiriləcək toplantı ilə bağlı da fikirlərinizi öyrənmək istərdik. Toplantıya hazırlıq necə gedir?

- 2022-ci ilin fevral ayında Avropa Azərbaycanlılar Konqresinin Brüsseldə növbəti toplantısı planlaşdırılır. Brüssel AAK-ın ən çox tədbir keçirdiyi məkandır. Avropa İnstitutlarının, beynəlxalq təşkilatların yerləşdiyi bu şəhərdə Azərbaycan diasporasının lobbiçilik istiqamətində görəcəyi işlər çoxdur və Avropa Azərbaycanlılar Konqresi bu işin öhdəsindən bundan sonra da layiqincə gələcəkdir.

- Bu gün Azərbaycan diasporlarının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bu gün Avropa Azərbaycanlılar Konqresinə daxil olan diaspora təşkilatları bütün problemlərə baxmayaraq, Avropa ölkələrində qətiyyətlə fəaliyyətlərini davam etdirir, yaşadıqları ölkələrin səfirlikləri ilə sıx əlaqə quraraq lobbiçilik istiqamətində inamla addımlayırlar. Sizə bir faktı açıqlayım. Kiyevdəki tədbir zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin tam dəstəyini hər gün hiss edirdik. Baxmayaraq ki, səfir xanım Elmira Axundova səhhətindəki problemlərdən dolayı Bakıda müalicə alırdı, amma buna baxmayaraq hər gün diplomatlarla əlaqə saxlayır, tədbir haqqında məlumat alır və məsləhətlər verirdi. Dekabrın 14-də Azərbaycanın Ukraynadakı səfirliyinin binasında ölkədə akkreditə olunmuş diplomatlarla da görüş keçirildi, səfirliyin ərazisi ilə tanış olduq, binanı gəzdik və bu görüşdən qürur duymamak mümkün deyildi. 2017-ci ildə baş verən bir hadisəni xatırladım. Kiyevdə AAK-in növbəti tədbirini keçirirdik. Azərbaycan səfirliyinin önünə gəldik, Milli Liderin abidəsini ziyarət etdik, amma o vaxt ki, səfirimiz aşağı enib, nümayəndə heyəti ilə görüşməmişdi.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top