“Prezidentin NATO Baş katibi ilə görüşündə verdiyi əsas mesaj budur ki,...”

GÜNDƏM 15 dek 2021, 11:58
“Cənubi Qafqazda təhlükəsizlik və sabitlik NATO üçün də vacib amildir. Hərbi alyans bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir. Prezident İlham Əliyevin NATO Baş katibi Yens Stoltenberqlə görüşündə gözlənildiyi kimi, əsas diqqət Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldi. Dövlət başçımız isə bir daha bəyan etdi ki, Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Əsas məqsəd təbii ki, regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmaqdır. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır, amma Ermənistan da xoş məram sərgiləməlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin NATO Baş katibi ilə görüşündə verdiyi əsas mesaj budur ki, biz iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik:



“Amma təbii ki, Ermənistan Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Azərbaycan Zəngəzur dəhlizinin hüquqi rejim nöqteyi-nəzərindən Laçın dəhlizinin eynisi olmasını tələb edir və tamamilə haqlıdır. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.  “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”- deyə Prezident İlham Əliyev bu məsələ ilə bağlı çox dəqiq və prinsipial mövqe ortaya qoydu”.

Deputat bildirib ki, əslində Ermənistan bu məsələdə maraqlı olmalıdır: “Çünki regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Bu barədə də dövlət başçımız beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırdı. Nə qədər paradoksal səslənsə də Ermənistan qəbul etmək istəmədiyi Zəngəzur dəhlizi sayəsində Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla, eyni zamanda Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Belə olan halda, Ermənistanın destruktiv yanaşması birmənalı şəkildə qəbul edilmir. Doğrudur, NATO baş katibi Alyansın tərəf tutmadığını bildirdi. Bununla belə, xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi zamanı NATO bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırdı. 2020-ci ilin oktyabr ayında NATO-nun baş katibi Yens Stoltenberqin Ermənistan Prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı Ermənistan Prezidentinə NATO-nun bu münaqişə ilə məşğul olmadığını xatırlatması İrəvanın ümidlərini puça çıxardı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı. Yəni, NATO bu gün də qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır, münasibətlərin normallaşdırılmasını davam etdirməyi vacib sayır. Bu məsələdə Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir, Ermənistan isə öz məsuliyyətini artıraraq, prosesə töhfə verməyə məcburdur. Yalnız belə olan halda davamlı sülh və təhlükəsizlikdən söhbət gedə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top