"Media haqqında" yeni qanun illeqal sxemlərə birdəfəlik son qoyacaq

MEDİA 12 dek 2021, 12:02
"Media haqqında" yeni qanun layihəsi Azərbaycanın mass-mediasında yeni formatın, mərhələnin və inkişafın əsasını qoymağa yönəlib. Layihə müzakirə olunur. Təbii ki, müzakirələrdə layihəni bəyənənlər də, bəyənməyib tənqid edənlər də.

Tənqidlər arasında məntiqli və məzmunlular yox deyil.

Amma əfsuslar olsun ki, həmişə olduğu kimi, artıq usandırıcı təsir bağışlayan mənzərə yaranıb.

Ölkədəki medianın, ələlxüsus da onlayn-medianın hüquqi tənzimlənməsinə yönəlmiş qanun layihəsini ən sərt tənqid edənlər bu sənəd qanuna çevriləndən sonra "gəlir" yerini itirə biləcəklərini anlayıb təşvişə düşənlərdir.

Daha çox səs çıxardıb küy yaradanlar "reket mediası" kimi tanınan, "B" və "C" kateqoriyalı saytların sahibləridir. "Reket" adlansalar da, faktiki şantaj və dilənçiliklə məşğul olan bu "müstəqil"lər gəlir mənbəyi saydıqları psevdomedia strukturlarının indiki formada fəaliyyət göstərə bilməyəcəyini anlayırlar.

Anladıqları üçün də saytlarında, sosial şəbəkələrdəki profillərində soyuqqanlı təhlildən, səbatlı təkliflərdən həddən ziyadə uzaq ifadələrlə qanun layihəsini qılınclayırlar. Onların iddialarına görə, "azad fəaliyyət"ə maneələr nəzərdə tutulub.

Əgər "azad" fəaliyyət dedikdə şantaj, feyk, dezinformasiya yayaraq "qarşı tərəfi dinləməyə hazırıq" ifadəsi ilə məsələ bitmiş sayılırsa, bu, media yox, medianın üz qarasıdır.
Digər düşərgə isə xaricdəki məlum fondlar, cəmiyyətlər, təşkilatlar və s. tərəfindən maliyyələşən şəxslərdir.

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanun işə düşəndən sonra onların "qrant" və "maliyyə yardımı" adı ilə xaricdəki hamilərindən pul almaları çətinləşsə də, sonradan müxtəlif vasitələr və yollar tapıldı.

Yeni qanun layihəsi isə həmin illeqal sxemlərə də birdəfəlik son qoyur.

Cəmiyyətin normal, sağlam, dövlətin maraqlarını və millətin mənafeyini, vətəndaşın hüquqlarını və ölkə sakinlərinin qayğılarını nəzərə alıb əks etdirən, həqiqətdən bəhs edən mediası olmalı.

Yeni qanun belə medianın formalaşması istiqamətindədir.

Reket, şantaj, dilənçilik və xüsusilə də xaricdən alınan əmrlərlə təlimatlar əsasında fəaliyyət yolverilməzdir.

Elçin Alıoğlu
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top