“Böyük Qayıdış”la bağlı hansı işlər görülür?

QARABAĞ 05 dek 2021, 13:06
44 günlük Vətən müharibəsində Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradaraq bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı. Artıq ölkəmiz “Böyük Qayıdış” ərəfəsindədir. Hazırda “Böyük Qayıdış”ın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçirilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə yaşayış mühitinin yaradılmasıdır. 

İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə də başlanılıb. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolu xəttinin yenidən qurulması “Böyük Qayıdış”la bağlı işlərin sürətləndiyinin göstəricisidir.

Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandıqdan dərhal sonra prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verildiyini diqqətə çatdıran Milli Məclisin deputatı Cavid Osmanov Demokrat.az-a bildirib ki, Ermənistan tərəfi Azərbaycanın tarixi torpaqlarını 30 illik işğal müddətində darmadağın ediblər: 

“Birincisi, böyük vandallıq nümayiş etdiriblər, daşı daş üstdə qoymayıblar, bütün infrastruktur məhv edilib, evlər, sosial obyektlər, tarixi dini abidələr dağıdılıb və s. Bildiyiniz kimi, Ermənistan burada minlərlə, onminlərlə minalar basdırıb. Buna görə də ilk növbədə burada “Böyük Qayıdış”ın tərkib hissəsi kimi təhlükəsizlik məsələləri çox önəmlidir. Həmin ərazilərin minalardan təmizlənmə istiqamətində mütəmadi olaraq çox böyük işlər görülür. Prezident İlham Əliyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər edib. Burada çoxlu sayda infrastruktur layihələrinin təməlqoyma mərasimi, işlərin gedişi ilə tanış olublar. Elektrik enerjisi təminatında, istilik məsələsi, qaz xətlərinin çəkilməsi, xüsusən yol infrastruktrunun bərpası istiqamətində də çalışmalar gedir. Qeyd edim ki, artıq enerji məsələləri bu ilin sonuna kimi tam həllini tapa bilər. Bundan başqa, bilirsiniz ki, Cənab Prezidentimiz tərəfindən həmin ərazilər “yaşıl zona” adlandırılıb. Həmçinin, üç beynəlxalq hava limanının tikintisi həyata keçirilib. Bunlardan artıq biri olan Füzuli hava limanı dünya tarixində ilk dəfə olaraq cəmi səkkiz ay müddətində çəkilib və istismara verilib. Bu ilin sonuna kimi əsas yolların 90 faizinin çəkilişi həyata keçirilməsi nəzərdə tutulur, yollarla yanaşı tunellərin tikintisidə həyata keçirilməkdədir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın gücünün, qüvvətinin göstəricisidir. Artıq Zəngəzur dəhlizi də reallığa çevrilib. 

Bütün bunlara paralel olaraq Şuşada binalar tikilir, Zəngilanda “ağıllı kənd”lərin salınmasıyla işlər gedir. İşğaldan azad olunmuş ərazilərimizdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpası istiqamətində çox böyük işlər görülüb. Bütün bunların hamısı Cənab İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış”a aparan tarixi bir yolun tərkib hissəsidir. Heç şübhəsiz ki, 30 il müddətində öz ata-baba yurdlarından didərgin düşmüş  soydaşlarımız mərhələli şəkildə öz doğma torpaqlarına qayıtmağa başlayacaqlar. Bu tarixi günlər əlbəttə ki, Azərbaycan tarixinin ən parlaq günləridir”. 

Dövlətin qarşısında hər zaman çox ciddi sosial-iqtisadi inkişaf proqramların, böyük infrastruktur layihələrin həyata keçirildiyini deyən Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, müstəqillik tariximizin ən böyük dövlət layihəsi “Böyük Qayıdış” proqramıdır. 

Deputat diqqətə çatdırıb ki, dörd mərhələdən ibarət bu proqramın ilkin mərhələləri işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi, ilkin infrastrukturun qurulmasıdır. İkinci mərhələsi isə o torpaqların iqtisadiyyatımıza qazandırılması və yaşayış məskəninə çevrilməsi, məcburi köçkünlərin yurdlarına qayıtmasıdır: “Hazırda sürətli bərpa prosesi gedir. Hətta, bu işlərə müharibə bitməmiş başlanılıb. Qələbədən sonra başlıca olaraq, yolların çəkilməsinə böyük diqqət göstərildi. Bundan başqa, Füzuli rayonunda hava limanın açılması “Böyük Qayıdış”la bağlı görülən işlərin göstəricisidir.

Habelə, işğaldan azad olunmuş ərazilərimizdə formalaşan dəmiryolu xətti, bütövlükdə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Nəzərə alsaq ki, Horadizdən-Ağbəndə dəmir yolu Cəbrayıl vasitəsilə çəkiləcək. Horadiz-Cəbrayıl-Ağbənd dəmiryolu xətti, eləcə də avtomobil yolu Zəngəzur dəhlizinə və yeni qurulmuş dəmiryolu xətləri Azərbaycanın dəmiryolu şəbəkəsini inteqrasiya olunacaq. Nəticədə Azərbaycan dəmiryolu xətti Zəngəzur dəhlizinə çıxış imkanları əldə edəcək. Bu dəhliz vasitəsilə də Naxçıvanın dəmiryolu şəbəkəsi inteqrasiya olunacaq. Bu gün formalaşmaqda olan dəmiryolu şəbəkələri həm Azərbaycan iqtisadiyyatının formalaşması, həm işğaldan azad olunmuş ərazilərimizin inkişafı, həmin ərazilərdə iqtisadiyyatın formalaşması baxımından vacibdir. İşğaldan azad olunmuş ərazilərdə qurulan və inkişaf edən dəmiryolu xətləri daha böyük nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla, həmin regionun, bütövlükdə regionun iqtisadiyyatına xüsusi töhfə vermiş olacaq. Bununla yanaşı, Hadrut və Cəbrayıl arasında da avtomobil yolu çəkilir. Bütün bunlar ondan xəbər verir ki, infrastruktur və bərpa işləri gözləniləndən daha sürətlə həyata keçirilir. Hesab edirəm ki, həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edə biləcək" .

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top