Hərbi ekspert: “Helikopter qəzasının baş verməsi hava burulğanı ilə bağlıdır”

GÜNDƏM 01 dek 2021, 15:42
“Mən özüm də Mİ-17 helikopterində uçmuşam. Bu helikopterlər Dövlət Sərhəd Xidməti tərəfindən son illərdə alınıb. Bilirsiniz ki, bu, Müdafiə Nazirliyinin helikopterləri deyil”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert qeyd edib ki,  Mİ-17 helikopterləri çox profillidir: 

“Yəni, ondan həm nəqliyyat vasitəsi kimi şəxsi heyətin daşınmasında, eyni zamanda da döyüş tapşırıqlarını icra edilməsində istifadə etmək mümkündür. Bundan başqa Mİ-17-ə silah, atəş açmaq üçün pulemyot quraşdırmaq mümkündür. Onlar 1981-ci ildən  orduda istismara qəbul olunub və zaman-zaman təkmilləşdirilib. Qeyd edim ki, indiyədək ən çox qəzalar Mİ-17 də olub. Misal olaraq, Hindistanda bu yaxınlarda eyni hadisə baş verdi. Mİ-17 helikopteri 19 noyabrda eniş etdikdən sonra  çevrildi və qəza baş verdi. Bu qəza nəticəsində isə 12 nəfər həyatını itirdi. Bundan başqa may ayında Əfqanıstanda Mİ-17 helikopteri qəzaya uğradı və eyni mənzərə yaşandı. Nə qədər peşəkar olursansa ol, ağır texnikanı idarə etmək çox çətinidr, bəzən isə texnika sözünə qulaq asmır”.

Ü.Cəfərov əlavə edib ki, təlimdə hər bir heyətin özünəməxsus tapşırığı olur: “Burada bu qədər heyətin olmasıyla bağlı cəmiyyətimizdə suallar dolaşır. Qeyd edim ki, bu təlimdir hər bir zabitin də özünəməxsus konkret tapşırıqları olur və onların hər biri də tapşırığın icrasıyla bağlı poliqona yollanırlar. Bu, helikopterə rahat şəkildə 32 nəfər yerləşə bilir. Hesab edirəm ki, bu təxribat deyil. Versiyam ondan ibarətdir ki, helikopter eniş zamanı qəzaya uğrayıb. Burada hər hansı kənardan raketlə vurdular, nə bilim partdatdılar və s. bu kimi versiyaların səsləndirilməsi düzgün deyil. Qeyd edim ki,  həmin poliqona ümumiyyətlə, daxil olmaq mümkün deyil, çünki ora mühafizə olunan poliqondur. Orada əsgər və zabitlərimiz keşiş çəkirlər, heç kim həmin əraziyə daxil ola bilməz. Hava burulğanı deyilən bir şey var. Hesab edirəm ki, qəzanın baş verməsi hava burulğanıyla bağlıdır.  Əgər fikir verdinizsə, həmin ərazidə dağlar, təpəciklər, dərələr var.

Helikopterin pərinin uzunluğu 21 metrdir, bəzən olur ki, onlar hava burulğanına düşür. Təyyarədə uçanlar yaxşı bilir ki, rahat uçduğu yerdə hansısa boşluğa düşürlər. Nə qədər peşəkar olursansa ol, ağır texnikanı otuzduran məqamda burulğanın olması helikopterin çevrilməsinə səbəb ola bilir. Həmin anda çevrilir və pərilər yerə dəyir, toz-duman qalxır və s. yanğın baş verir. Bu, sadəcə mənim versiyamdır. Təbii ki, bu hər kəs üçün ağır faciədir, mənim də doğmamdan biri, üç qız atası olan Emil həyatını itirdi. Dövlət Sərhəd Xidməti üçün dəhşətli bir faciədir və 14 nəfər peşəkarın itirdi. Onların hər biri hər bir sahəyə cavabdehlik daşıyırdı. Bilirsiniz ki, bu cür mütəxəssislərin yetişdirilməsi üçün illər lazımdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top