“Sənədlərdən də görünür ki, iş adamına verilən ittiham əsassızdır” — Vəkil

HADİSƏ 29 noy 2021, 16:48
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə işdə olan sənədlər elan edilib. 

Müdafiə tərəfinin vəsatəti əsasında elan olunan sənədlərdən məlum olub ki, ittihamın iş materiallarına əlavə etdiyi məxaric qəbzlərinin ikisindən başqa hamısı kserosurətdən ibarətdir, həmin sənədlərdə İlqar İsmayılovun imzası, bankın möhürü yoxdur və həmin məbləğlərin İlqar İsmayılov tərəfindən məxaric edilməsi alt sənədlərlə təsdiqini tapmır.

Bundan başqa, iş materiallarında İlqar İsmayılova aid olunması ilə bağlı ekspertiza edilmiş qəbzlərdən yalnız 1 sənəd ittihamda qeyd edilib. 

Müdafiə tərəfinin vəsatətinə əsasən iş materiallarından elan edilən sənəddən məlum olub ki, İlqar İsmayılovun “Premium” bankla (həmin vaxt SilkveyBank) olan 2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər 18 mart 2013-cü ilin mart ayında başa çatsa da, ittiham həmin tarixdən sonrakı dövlərə 2014-2015-ci illərdə guya ödəniş edilməsi ilə bağlı ittiham verib.
 
Vəkillər bildiriblər ki, bu, ittihamın əsassız olduğunu bir daha göstərir. 

Həmçinin iş materiallarında olan sənədlərdən məlum olub ki, ittihama əsasən, İlqar İsmayılovun 2013-cü ilin iyun ayında şirkətin kassaxından 280 min manat məxaric edərək  “Şəhər Bağları” MTK-dam aldığı mənizlə görə ödəməsi də təsdiqini tapmır. 

Belə ki, elan olunan sənəddə İ.İsmayılovun həmin mənzilə 1 milyon manat ödəyərək may ayında mənzilə sahib olub. 

Həmçinin sənədlərin tədqiqi zamanı məlum olub ki, sözügedən 280 min manatla bağlı qəbzin də əsli yoxdur və rəngli kserosurətdir. Müdafiə tərəfi həmin sənədin ekspertiza edilməsi ilə bağlı vəsatət qaldırıb. 

İlqar İsmayılova ümumi yığıncaq keçirilmədən mənfəətə daxil olan məbləği xərcləməsi ilə bağlı da ittiham irəlıi sürülüb. Müdafiə tərəfinin vəsatətinə əsasən, “Adore Kompani”nin istintaqa məktubu elan edilib. Məktubdan məlum olub ki, 2013—2014-cü illərdə mənffətt bölgüsü ilə bağlı təsisçilərin ümumi yığıncağı keçirilib və şifahi razılıq ilə mənfəətin xərclənmə istiqamətləri müəyyən edilib. 

Müdafiə tərəfi bildirib ki, mənfəətin digər təsisçiyə çatmasında birbaşa iştirak etmiş şəxs olaraq, Z.Həmzəyevanın şirkətdəki nümayəndəsi olmuş Fuad Əliyevin məhkəmədə əlavə şahid qismində dindirilməsi ilə bağlı növbəti dəfə məhkəməyə vəsatət veriləcək.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top