“Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir” — Deputat

GÜNDƏM 29 noy 2021, 12:21
“Soçi görüşündən sonra Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının  tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Bu bir daha təsdiq edir ki, yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Təşkilata  üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi  Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatında  “qurucu lider” kimi tanınmasına əsas verir: 

“Cənab Prezident İlham Əliyev hər zaman bütün platformalarda olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatın tribunasından da istifadə edərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. İşğala məruz qalmasına baxmayraq, Azərbaycan bu gün qalib ölkə olaraq davamlı sülh və təhlükəsizlikdə maraqlıdır. Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət edib. Soçi görüşündən sonra isə Ermənistanın bu çağırışa artıq müsbət reaksiyaları müşahidə edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində beynəlxalq aləmdə davamlı olaraq güclənir və söz sahibinə çevrilir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top