Xanəndədən cavab: “Xudayar da o mahnını dağıdılmış yerlərdə oxumuşdu...”

İNCƏSƏNƏT 27 noy 2021, 11:58
“Şəhid və onların ailələrinin adı gələn yerdə boynumuz qıldan incədir.  İllərdir ki, heç bir təmənna güdmədən şəhid övladlarının toyunda iştirak etmişəm. Nə qədər ömrüm var, yenə də şəhid ailələrinin qulluğundayam. Xudayar qardaşımız “Vətən yaxşıdır” mahnısını toyda oxumuşdu ki? Döyüşə gedəndə əsgər yoldaşlarını ruhlandırmaq üçün onu oxuyurdu. O, da bu mahnını hərbçilərimizin yanında, dağıdılmış yerlərdə oxumuşdu. Onda belə çıxır ki, Xudayara irad tutmalıydıq? O döyüş xoş mənzərə idi ki? Nə qədər yorğun olsa da   göstərdi ki, əhvalımız xoşdur və bu yerlər işğaldan azad edilib daha da gözəlləşəcək”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Babək Nifətliyev Zəngilanda ifa etdiyi “Xudayar təsnifi”mahnısının Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib. Xanəndə Xalq şairinin bu cür fikirləri ilə razılaşmadığını bildirib:  
 
“Bu mahnıya görə Xalq artisti Əlibaba Məmmədova zəng vurub təşəkkürümü bildirdim ki, onun “Xudayar təsnifi” adlandırılmasına icazə verib. Mahnını bir çox xanəndələr oxusa da bir o qədər də sevilməyib. Amma Xudayar öz ifasıyla bu mahnıya öz möhrünü vurdu və dillər əzbəri oldu. Mən də Azərbaycan Dövlət Televiziyasının solistiyəm və ordan da bildirdilər ki, bu mahnını oxuyum. Mahnını 2008-ci ildə oxumuşdum və o qədər də sevilməmişdi. Xudayarın ifasından sonra bu mahnın xalqımızın qəlbində ayrıca yeri oldu. Buna artıq “Xudayar təsnifi” deyirlər.
 
Sabir müəllim bilməlidir ki, 44 günlük Vətən müharibəsində mən də döyüşlərin ən qızğın yerlərində olmuşam. Əsgərlərimiz üçün vətənpərvər mahnı ifa etdim. Amma bəziləri kimi xaricə qaçmadım, əsgərlərimizin yanında oldum. Mahnını bu dəfə də tam başqa tərzdə ifa etdim. Bu mahnını ifa edəndə Xudayarın timsalında bütün şəhidlərimizin gözümüzün önündə canlanır. 
 
Gördüyümüz işləri çoxlarının gözü görmür. Nəsə bir nöqsan axtarmağa çalışırlar. Amma bir sual etmək lazımdır ki, görən bunların qohum-əqrabasında əsgərlikdə olanı varmı?! Müharibə vaxtı cəbhədə olanda tanınmışlardan çox az adamı orda gördüm. Xudayar təsnifi”nin adı gələn yerdə biz ifa etmirik ki? Bu isə ilk növbədə şəhidimizə hörmətsizlikdir. Düşünürəm ki, Sabir bəy Xudayarın döyüş səhnəsində bu mahnını ifa etməsindən xəbərsizdir.  Təbii ki, siyasətçilərin məsələyə bu cür yanaşması adamı təəssüfləndirir. Bilməlidirlər ki, bu mahnı artıq əsgərlərimizin himninə çevrilib. Ona görə də biz bunu şən günümüzdə də, ən ağrılı-acılı günümüzdə də oxumalıyıq. Mən döyüş vaxtı səngərdə vətənpərvər mahnı oxuyanda çoxları orda yox idi. Efirdə oxumağa nə var ki”.   
 
Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” mahnısını oxumasını tənqid edib. O, sosial şəbəkədə yazdığı statusunda bunu gülünc adlandırıb və təəssüfləndiyini bildirib:
 
“Ənənəvi musiqi üçlüyü - tar və kamança ifaçıları, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top