Əmlak bazarında hansı yeniliklər proqnozlaşdırılır? — RƏYLƏR

BİZNES 26 noy 2021, 15:29
Ölkənin daşınmaz əmlak bazarında son dövrlər özünü qabarıq şəkildə göstərən hallardan biri də qiymətlərin tədricən yüksəlməsi və bəzi istiqamətlər üzrə mövsümə uyğun olaraq belə enməməsidir. Araşdırmalar göstərir ki, ölkədə, xüsusən də paytaxt Bakıda yeni mənzillərin qiyməti getdikcə bahalaşır. Gələn il əmlak bazarında artımın olması da istisna deyil.

Gələn il əmlak bazarında hansı proseslər yaşana bilər? Bu barədə Demokrat.az ekspertlərin fikirlərini öyrənib.

Daşınmaz əmlak bazarında mövcud durumunu dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, hər il qış aylarında torpaq bazarında qiymətlərdə bir stabilləşmə baş verir, çünki yay aylarında tələbat çoxalır. Ekspert qeyd edib ki, qış aylarında tikinti sürətlə getmədiyinə görə, əmlak bazarında da durğunluq müşahidə olunur:

Tanınmış ekspert əsgər ailələrinə yardım kampaniyası başlatdı

“Biz bu gün diqqət yetirsək, görərik ki, artıq mənzillərin qiymətləri yetərincə qalxıb. Hesab edirəm ki, gələn il yeni tikili binalarda qiymət artımı 15-20 faiz olacaq. Çünki ötən illər də demək olar ki, Bakının hər bir tərəfində tikinti işləri gedirdi, amma hazırda bu işlər çox zəif sürətdə gedir. Onu da qeyd edim ki, artıq paytaxt ərazisində  tikintiyə yararlı ərazi də qalmayıb. Bakı ərazisində demək olar ki, torpaq sahələri yoxdur, olanlar da fantastik qiymətlərdir. Digər tərəfdən son bir ilə yaxındır ki, artıq tikinti materiallarının qiymətlərində kəskin şəkildə bahalaşma gedir və bu, hələ də davam etməkdədir. Başqa bir tərəfdən paytaxt ərazisində və Abşeronda həddindən artıq çoxsaylı binalar inşa olunub. Bu binalar da elə formada tikilib ki, Bakının baş planı yaman günə qalıb. Binaların bir-birinə yaxın olması, avtoparkların olmaması, yaşıllıq ərazilərinin yaşayış və qeyri-yaşayış yerlərlə əvəzlənməsi də buna misaldır”. 

Ekspertin sözlərinə görə, tikinti şirkətləri bahalaşma ilə əlaqədar satış qiymətləri sərf etmədiyinə görə, çox zaman məcburən daşınmaz əmlakın qiymətini qaldırmalı olurlar: “Bilirsiniz ki, artıq yeni mənzillərin inşası köhnə binalar üzərindən həyatı keçirilir. Bu zaman köhnə binalarda yaşayanların hər biri mənzillə təmin olunur, onun kirayəsi verilir və sonda 20 faiz də artıq mənzilə sahib olurlar. Bu yük də tikinti şirkətlərinin üzərinə düşür. Tikinti şirkətlərinin hər biri əvvəlki kimi qazanc əldə etmədiyinə və onlara bu proses əlverişli olmadığına görə onlar məcburən qiymətləri qaldırır. Bundan başqa günbəgün tikinti materiallarının qiymətinin artması, tikinti sıxlığı, əmsalı və s. kimi məsələlər düşünürəm ki, gələn ildə sıfırdan başlayan binaların qiymətlərinin artmasına səbəb olacaq. Digər vacib məqam isə tikinti şirkətlərinin artıq yeni tikinti həyata keçirməməsi ilə bağlıdır. Çünki bazarda köhnədən qalan mənzillər var. Ona görə də şirkətlər çalışır ki,  bazarda bu mənzillər satılsın ki,  növbəti binanın satışına start verə bilsinlər, yoxsa riskli ola bilər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu gün paytaxtda mülkiyyətdə olan torpaq sahələrinin qiymətində artımlar müşahidə olunur. Çünki tədricən istər fərdi yaşayış evlərinin tikintisində, istərsə də tikintisinə icazə tələb olunan tikililərdə tikintinin bilavasitə mülkiyyətdə olan torpaq sahələr üzərində olmasıyla bağlı tələblər sərtləşdirilir:

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma - hansı yeniliklər olacaq?

“Bu mənada torpaq sahələrinin qiymətlərinin ucuzlaşması real deyil və qarşıdakı ildə də real görünmür. O ki, qaldı növbəti ildə əmlakın dəyəri ilə bağlı məsələlərə, bu istiqamətdə aparılan təhlillər daha çox qiymətlərin artımına proqnozlaşdırmağa imkan verir. Burada müxtəlif səbəblər var. Tikinti qaydalarındakı dəyişiliklər, bununla yanaşı tikinti bazarındakı bilirsiniz ki, büdcədə tikintiyə ayrılan vəsaitlərin həcmi bilavasitə işğaldan azad olunmuş regionların hesabına xeyli artıb və nəticə etibarilə bu bazara pul axınlarını artıracaq. Yəqin ki, bu kontekstdə qiymətlərin artımı baş verəcək. Amma konkret neçə faiz arasında qiymət dəyişməsinin baş verəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Hesab edirəm ki, bu söyləmək bir qədər də qeyri-profesionallıq olar. Çünki Azərbaycan bazarında indikator mövcud deyil, ona görə də əvvəlcədən konkret dəqiq rəqəmlərlə proqnoz vermək bir qədər çətindir. Amma bu ilin göstəricilərə diqqət etsək, yəqin ki, növbəti ildə daşınmaz əmlak bazarında qiymətlərin faiz göstəricisi ikirəqəmli olacaq. Hesab edirəm ki, bu da 10 faizi ötəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top